BAKI, 16 yanvar — Sputnik. Vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və onların əlavə maliyyə itkilərinə məruz qalmaması məqsədilə aparılan əməliyyatlar üzrə ƏDV məbləğinin əsas məbləğ ödənildikdən sonra 1 iş günü müddətində ödənilməsi imkanı yaradılıb.
Bu barədə iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bununla bağlı Vergi Məcəlləsinə müvafiq dəyişiklik edilib.
Beləliklə, bundan sonra vergi ödəyiciləri əsas məbləğin ödənildiyi gün ƏDV məbləğinin ödənilməməsinə görə maliyyə sanksiyasına məruz qalmayacaqlar.
Qeyd edək ki, Vergi Məcəlləsinin dəyişikliyə qədər qüvvədə olan tələblərinə əsasən, vergi ödəyicisi tərəfindən ƏDV-nin məbləği alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmadan ödənilməli idi. Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən isə vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50%-i miqdarında maliyyə sanksiyası tətbiq edilib.
Aparılan əməliyyat üzrə ƏDV-nin ödənilməsi vaxtı ilə bağlı tələb əməliyyatın əsas məbləğinin ödənilməsi ilə eyni gündə olduğundan, praktikada vergi ödəyicisindən asılı olmayan səbəblərdən, məsələn, banklar tərəfindən köçürmə əməliyyatının növbəti gün icra edilməsi səbəbindən bu müddət ötürülür və nəticədə vergi ödəyicisi maliyyə sanksiyası ilə üzləşirdi.