BAKI, 15 yanvar — Sputnik. "Bir sıra, xüsusən də Afrika ölkələrindən Azərbaycana gəlmək istəyən bir qrup turist var. Biz onlara qadağa tətbiq edirik, ölkəyə giriş üçün viza ala bilmirlər. Onların məqsədi kütləvi şəkildə ölkələrindən qaçıb bura gəlməkdir. Onların kütləvi şəkildə gəlib burada yaşamaları iqtisadi böhrana səbəb olur".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında turizm üzrə ekspert Əziz Şiriyev deyib. Ekspert bildirir ki, bu yaxınlarda özü də belə bir halla rastlaşıb: "Bu yaxınlarda mən də belə bir mənzərə ilə rastlaşdım, Pakistan vətəndaşları dilənirdilər və mənə də yaxınlaşaraq pul istəyirdilər. Onlara yemək təklif edəndə isə, "xeyr, yemək istəmirik, kömək üçün pul verərdiniz", dedilər".
"Düşünürəm ki, xüsusi metodlarla dövlət səviyyəsində buna nəzarət etmək lazımdır. Təkcə Afrikadan deyil, kütləvi şəkildə axın olan belə ölkələrdən gələn turistlərin hamısı ciddi yoxlanılmalıdır, onların bank hesablarında müəyyən qədər ödənişin olması tələbi daha yaxşı olardı", - deyə o əlavə edir.
O bildirir ki, turizm şirkətləri çalışır ki, ölkəyə kifayət qədər tuirst cəlb edə bilsinlər. Çünki turist axını ölkə iqtisadiyyatına müsbət təsir edir: "Təbii ki, normal şəkildə gəlməyən turistləri bu kateqoriyaya aid etmək olmaz. Belə turistlər iqtisadiyyatımıza ziyan vuraraq Azərbaycan haqda mənfi fikir formalaşdırırlar".
Prosedurun sərtləşdirilməsi
Hüquqşünas Əlövsət Alahverdiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, bəzi ölkələrdən turistlərin gəlişi ilə bağlı proseduru müəyyən qədər sərtləşdirmək olar: "Bunun üçün müəyyən təkliflər planı hazırlamaq olar. Həmin təkliflər planına bəzi ölkələrdə olduğu kimi öncədən gediş-dönüş biletinin alınması, hoteldə qalmaq üçün ödənişin verilməsi və s da aid ola bilər".
"Çünki belə düşünürəm ki, bank hesabında müəyyən məbləğin göstərilməsi tələbini icra etmək üçün də hansısa qanunsuz yola əl ata bilərlər. Düşünürəm ki, yalnız bu yollarla müəyyən ölkələrin vətəndaşlarının sırf dilənmək məqsədi ilə Azərbaycana girişinin qarşısını almaq olar", - deyə o əlavə edib.
Hüquqşünas Əkrəm Həsənov isə belə hesab edir ki, əcnəbilər qanuni əsaslarla - turist vizası ilə ölkəmizə daxil ola bilirlər. Yəni, belə olan halda bu cür turistlərin də ölkəyə axınının qarşısını almaq olmaz. Ekspert Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, bu turistlər müvəqqəti yaşama icazə almadan da ölkəmizdə yaşaya bilərlər: "Lakin bəlli müddət ərzində onlar tərəfindən hansısa qanunsuz əməl aşkarlanarsa, bu zaman ölkəni tərk etməlidirlər. Bura həmçinin turistlərin dilənçilik fəaliyyəti ilə məşğuliyyəti də aiddir".
Qeyd edək ki, Dövlət Miqrasiya Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Pakistan, Hindistan və digər Cənubi Asiya ölkələrindən ölkəmizə gələn əcnəbilərin böyük əksəriyyəti turist vizası ilə ölkəyə daxil olurlar.
"Turist və ya digər növ vizalarla ölkəyə daxil olan əcnəbilərin əmək fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur. Əcnəbilərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilməsi üçün işəgötürənlər tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada iş icazəsi alınmalıdır. Azərbaycan Respublikasında olan və yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər barəsində Dövlət Miqrasiya Xidməti tərəfindən mütəmadi təhlillər və monitorinqlər aparılır. Ölkə ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozmuş əcnəbi və vətəndaşlığı olmayan şəxslər aşkarlandıqda onlar barəsində qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür" - deyə məlumatda qeyd olunub.
Qeyd edilib ki, 2022-ci ilin son 3 ayı (sentyabr, oktyabr, noyabr) ərzində miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 5891 inzibati qərar qəbul edilib.
Turist kimi gələn əcnəbilərin işləmək hüququ varmı?
Dövlət Miqrasiya Xidməti sorğumuza cavab olaraq bildirilib ki, ölkə ərazisində gəlişinin bəyan edilən məqsədlərini pozan əcnəbi və vətəndaşlığı olmayan şəxslər aşkarlandıqda onlar barəsində qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür: "Pakistan, Hindistan və digər Cənubi Asiya ölkələrindən ölkəmizə gələn əcnəbilərin böyük əksəriyyəti turizm vizası ilə ölkəyə daxil olurlar.
Turist vizası əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur. Əcnəbilərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul ola bilməsi üçün işəgötürənlər tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada iş icazəsi alınmalıdır".
Miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 17336 inzibati qərar qəbul edilib
"Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 64-cü maddəsində iş icazəsinin alınması tələb olunmayan hallar öz əksini tapıb. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasında olan və yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər barəsində Dövlət Miqrasiya Xidməti tərəfindən mütəmadi təhlillər və monitorinqlər aparılır, zəruri hallarda müvafiq fəaliyyətlər həyata keçirilir", - deyə xidmətdən verilən məlumatda bildirilib.
Bundan əlavə, bildirilib ki, 2022-ci ilin yanvar-noyabr ayları ərzində miqrasiya qanunvericiliyinin tələblərinin pozulmasına görə 17336 inzibati qərar qəbul edilib.