AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan və BƏƏ arasında Dənizdə Külək və Hidrogen Layihələrinə dair saziş imzalanıb

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şirkəti olan “Masdar” hazırda Azərbaycanda 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsini icra edir.
Sputnik
BAKI, 15 yanvar - Sputnik. Əbu-Dabi şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında Azərbaycan Respublikasında 2 QVt gücündə Dənizdə Külək və Hidrogen Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi, həmçinin 1 QVt gücündə Günəş Fotovoltaik və 1 QVt gücündə Quruda Külək Layihələrinin işlənməsinə dair Birgə işlənmə sazişi imzalanıb. SOCAR-dan Azərtac-a bildirilib ki, sənədin imzalanması Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində baş tutub.
Azərbaycanda 2030-cu ilə qədər elektrik enerjisi istehsalı gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənir.
SOCAR ilə “Masdar” şirkəti arasında bərpa olunan enerji mənbələrinə dair Birgə işlənmə sazişləri imzalanıb
Sözügədən sazişlər Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə, habelə Azərbaycanda istixana qazı emissiyalarının azaldılmasına, bərpa olunan enerji mənbələrinin və ölkənin davamlı iqtisadi inkişafına töhfə verəcək.
Bərpa olunan enerji sahəsində Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şirkəti olan “Masdar” hazırda Azərbaycanda 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsini icra edir.
Stansiyanın hər il yarım milyard kilovat-saat elektrik enerjisi istehsal etməyə və atmosferə atılan tullantıların ildə 200 min tondan çox azaldılmasına imkan yaradacağı nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.
Elə bu gün Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub.