BAKI, 15 yanvar — Sputnik. IT və İKT-yə görə Azərbaycan bu gün bir çox ölkələrdən geri qalır. Bir müddət öncə Azərbaycanın İndoneziyada keçirilən beynəlxalq olimpiada informatika fənni üzrə yüksək nəticələr əldə etməməsi buna bariz sübutdur.
Təhsil üzrə ekspert Elşən Qafarov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb. O bildirib ki, ölkədə İKT sahəsində kadr hazırlığı bərbad vəziyyətdədir: "İKT mühəndisliyini bitirən tələbələr var ki, elementar proqramları - "Word"ü, "Excel"i belə normal bilmirlər. Bu sahədə kadr hazırlığına, praktik və nəzəri biliklərin ötürülməsinə ciddi fikir verilməlidir. Düşünürəm ki, informatika dərsləri daha çox praktik olmalıdır".
Keyfiyyətli təhsil üçün müasir standartlara cavab verən avadanlılqar olmalıdır: "Ümumiyyətlə, məktəblərin İKT avadanlıqları ilə təminatında ciddi problemlər var. Qanunvericiliyə əsasən hər 30 şagirdə bir kompüter düşür. Bu kompüterlər heç də müasir deyil, bəzilərinin 10-15 il yaşı var. Köhnəlmiş kompüterlər alınaraq yeni adla məktəblərə verilir. Bununla da dövlət büdcəsi talanır. İstər təchizat baxımından, istərsə də tədrisin keyfiyyəti baxımından bu sahəyə ciddi nəzarət edilməlidir".
Müəllimlərlə bağlı vəziyyət də ürəkaçan deyil: "Elə informatika müəllimlərimiz var ki, kompüteri söndürüb yandıra, yaxud da hansısa informasiyanı axtara, proqramı aça bilmirlər. Belə olan halda necə yüksək səviyyəli İKT mütəxəssislərinin hazırlığından söhbət gedə bilər? Bu səbəbdən də deyə bilərəm ki, yaxın 3-5 ildə Azərbaycan üçün kibertəhlükəsizliklə bağlı ciddi təhlükələr yarana bilər".
Təhsil eksperti İlqar Orucov bildirir ki, IT sahəsində irəliləyişlər əldə etmək üçün yalnız xaricdə təhsilə deyil, eyni zamanda da ölkədə bu sahədə təhsilə böyük diqqət ayırmaq lazımdır: "IT təhsili üzrə universitetlərin yanaşması dəyişilməlidir. Universitet səviyyəsində IT mütəxəssisi hazırlamaq vaxt itkisindən başqa bir şey deyil. Bir IT mütəxəssisinin hazırlığını universitet dörd il müddətinə həyata keçirir. Universitetin verdiyi biliklər dörd il ərzində köhnəlmiş olur. İT mütəxəsissini 10 ay, 1 il ərzində də hazırlamaq mümkündür. Yəni, elə ixtisaslar var ki, peşə məktəbində bu təhsili vermək kifayətdir. İnkişaf etmiş ölkələrdə peşə məktəblərinin kadr hazırlığı məsələsi kifayət qədər aktuallaşıb".
Ekspert bildirir ki, universitetlər gərəksiz yerə tələbənin illərini, zamanını almalı deyil: "Təəssüflər olsun ki, universitetlərdə əmək bazarında lazım olmayan fənlərlə tələbələri yorurlar. Nəticədə məzun universiteti bitirdikdə baxır ki heç nə bilmir, özünə əmək bazarında iş tapa bilmir".
Nə etməliyik?
O bildirir ki, İKT sahəsində çağırışlara mümkün qədər adekvat və çevik cavab verməliyik. Universitetlərin strategiyası olmalıdır, əks halda, bu formatla davam edərsə, universitetlər sıradan çıxacaq.
Xatırladaq ki, İKT üzrə ekspert Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz Azərbaycanın infromatika sahəsində olimpiada nəticələrini uğursuz hesab edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov isə bildirib ki, operativ şəkildə effekt əldə etmək üçün bu gün çoxlu sayda İT mütəxəssisinə ehtiyacımız var
Xatırladaq ki, bir müddət öncə Rusiyadan 300-dən çox İT mütəxəssisi Azərbaycana dəvət olunub. Onlar Azərbaycanda aktiv fəaliyyətə başlayıb. Hazırda Atletlər Kəndinin ərazisində şərait yaradılıb, oradakı evlər Rusiyadan gələn İT mütəxəssisləri üçün istifadə olunur.
Bundan başqa, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərinə vergi güzəştləri tətbiq ediləcək. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi aşağıdakı qaydada tutulacaq:
- 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi;
- 2026-cı il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi.
Bu sahədə fəaliyyət göstərən sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin həmin fəaliyyətdən (o cümlədən həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələrək alıcılara göstərilən təkmilləşmə, texniki dəstək və təlim xidmətləri) əldə etdikləri gəlirlərin gəlir vergisindən, hüquqi şəxslərin isə mənfəət vergisindən azad edilməsi, onlar tərəfindən ödənilən dividenddən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən 10 il müddətinə ödəmə mənbəyində verginin tutulmaması, həmin şəxslərə əmlak və torpaq vergisi sahəsində azadolmaların şamil edilməsi də təklif olunur.