CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Zaur Baxşəliyev küçə psixologiyasını efirə daşıyıb" - mütəxəssislərdən tənqid - VİDEO

ATV-də yayımlanan, Zaur Baxşəliyevin aparıcısı olduğu "Bizimləsən" verilişində texniki heyətlə yaşanan gərginlik həm ölkə ictimaiyyəti, həm də mütəxəssislər tərəfindən sərt tənqid olunur.
Sputnik
BAKI, 13 yanvar — Sputnik. ATV-də yayımlanan "Bizimləsən" verilişində aparıcı Zaur Baxşəliyevlə verilişin texniki heyəti - efir rejissoru və operator arasında yaşanan gərgin anlar cəmiyyət tərəfindən qınaqla qarşılanıb.
Zaur "Kameraları artıq özüm idarə etməliyəm. Kameranı iştirakçılar tərəfə çevir. Bəli, mən idarə edəcəyəm bunları buradan" deyib. Daha sonra ayağa qalxan Baxşəliyev əli ilə operatora səslənib və "Bura gəlin. İri və kiçik plan verə bilirsiniz operator kimi?" sözlərini dilə gətirib. Bütün bunlar isə verilişin canlı efirində anbaan nümayiş olunub.
Teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, veriliş hazırlanmazdan öncə rejissor quruluşu olmalıdır. Orada operatorun heç bir günahı yoxdur. Operator əmri rejissordan alır. Rejissor planları öncədən hazırlayır. Bu tipli verilişlərdə əsasən emosiyalar olur. Həmin emosiyaları da iri planda vermək lazım gəlir.
"Mənim də hərdən narazı qaldığım tərəflər var, amma onu mikrafonu söndürüb də demək olardı. Nəzərə alsaq ki, bu eyni komandadır, eyni verlişdir, eyni situasiyalardır, bunu əvvəldən müəyyənləşdirmək lazım idi", - professor deyib.
AzTV-nin Televiziya və Radio Akademiyasının prorektoru, Media və İnformasiya Savadlılığı Mərkəzinin rəhbəri Almaz Mahmud bildirir ki, media idarəçiliyində daxili təşkilatlanmaya, rəftara xüsusi önəm verilir. Bu münasibətlər qarşılıqlı etimad əsaslnda tənzimlənir. Hətta dünyanın bir sıra media qurumlarında daxili rəftarla bağlı seminar və treninqlər keçilir. Kimsə kimisə təhqir edə bilməz.
"TV-nin missiyası nədir: maarifləndirmə, əyləndirmə, xəbər və reklam. Bütün bunlar isə jurnalist kodeksləri çərçivəsində baş verir. Kodekslər təhqirə, ayrıçekiliyə, irqçiliyə, inancların aşağılanmasına və s. qarşıdır. Efir tənqidi sevir, amma təhqirə birmənlı şəkildə yox deyir. O ki qaldı efir zamanı aparıcı operatoru təhqir edə, bu artıq qeyri-peşəkarlığın və mədəniyyətsizliyin göstəricisidir. Efirdə ekstrim vəziyyət olanda belə, biz aparıcının peşəkar yanaşmasını, təmkinini axtarırıq və qiymətləndiririk. Efirdə gərginlik və ya anlaşılmazlıq, texniki anlaşılmazlıq baş verir. Bu zaman efirdə olan bütün komanda bunu tez bir şəkildə aradan qaldırar və tamaşaçıdan "üzr istəmək" isə düşür aparıcının üzərinə. Yəni, etik bir yanaşma təqdim edilir. Əgər aparıcının intellektual səviyyəsi aşağıdırsa, o zaman o verilişdən, proqramdan maarifləndirici heç nə gözləmək olmaz. O aparıcı kütlə psixologiyasındadırsa, küçə söhbətlərini, aşağılamaları efirə gətirəcək, özü də anlamadan", - Almaz Mahmud əlavə edib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kino-televiziya sənətləri" kafedrasının müdiri, professor Rafiq Quliyev vurğulayıb ki, aparıcının operatora irad tutmaq ixtiyarı yoxdur. Operator rejissordan asılıdır, onun tapşırığını yerinə yetirməlidir:
"O kanalın yiyəsi yoxdur. Yiyəsi olsaydı, etikaya, istehsal münasibətlərinin tənzimlənmə prosesinə, peşəkarlararası münasibətə də diqqət yetirərdilər. Bəzən film çəkilişlərində də olur. Hansısa Xalq artisti öz eqosunu yeritməyə çalışır ki, "mən belə etmək istəyirəm". Xalq artisti bunu edirsə, bu o deməkdir ki, çəkilişdə rejissor yoxdur. Bundan əlavə, peşə etikası deyilən anlayış var. Aparıcının öz funksiyaları, rejissorun öz funksiyaları var. Operator rejissorla interkom vasitəsi ilə əlaqə saxlayır, tapşırıqları da o verir. Çünki montaj strukturunu rejissor müəyyən edir. Deməli, orada rejissor yoxdur ki, idarə edə bilmir. Ona görə də aparıcı verilişdə anarxiya yaradır. Rejissor təkcə pultun düymələrini basan adam deyil. O, ümumi kompozisiyanın tərtibini verən, ritmik quruluşunu müəyyən edən mütəxəssisdir".