BAKI, 13 yanvar — Sputnik. Minatəmizləmə sahəsində böyük təcrübəyə malik Xorvatiya Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərin minalardan təmizlənməsində iştirak edən Azərbaycanın ANAMA agentliyi ilə fəal əməkdaşlıq edir.
Bu barədə "Report"a müsahibəsində Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebic deyib.
Onun sözlərinə görə, Xorvatiya 25 ildən çoxdur ki, mina problemi ilə mübarizə apardığına görə bu sahədə böyük təcrübəyə malikdir.
Səfir əlavə edib ki, minatəmizləmə maşınları istehsal edən və minatəmizləmə prosesində birbaşa iştirak edən Xorvatiya şirkətləri var: "Bunlardan biri minatəmizləmə maşınları istehsal edən DOK-ING şirkətidir. Şirkətin istehsal etdiyi texnikadan Qarabağda istifadə olunur və özünü çox yaxşı tərəfdən göstərib".
Minaaxtaranlar məsələsinə münasibət bildirən səfir hazırda əsasən Azərbaycanın bununla məşğul olduğunu vurğulayıb.
O əlavə edib ki, bu irimiqyaslı işə xarici şirkətlərin də cəlb olunacağı gözlənilir: "Hesab edirəm ki, Xorvatiyanın "Piper" şirkəti Azərbaycanda minatəmizləmə ilə məşğul ola biləcək şirkətlərdən biridir".
B.Zebic deyib ki, DOK-ING şirkətinin əl ilə minatəmizləmə işləri aparan və bu məqsədlə öyrədilmiş itlərdən istifadə edən bölməsi də var: "Görünür, Azərbaycan onlarla müqavilə bağlayıb və bu il ölkənizə 10-12 minaaxtaran it gətiriləcək".
Xorvatiya səfiri ilə müsahibənin tam versiyası yanvarın 16-da dərc olunacaq.