BAKI, 13 yanvar — Sputnik. Rusiyada üç uşaqlı atalar üçün qismən səfərbərlikdən möhlət hüququ qüvvədə qalır.
Bunu “Vahid Rusiya” Partiyasının Ali Şurasının katibi Andrey Turçak bildirib.
Onun sözlərinə görə, üç və ya daha çox uşağı olan kişilər üçün səfərbərlikdən möhlət hüququ qüvvədə saxlanılır. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı bu istiqamətdə direktiv fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, bu gün “Kommersant” Dövlət Dumasının deputatı Nina Ostaninaya istinadən Rusiyada üçuşaqlı atalar üçün qismən səfərbərlikdən möhlət hüququnun ləğv edildiyi barədə məlumat yaymışdı.
Bu arada Baykal hərbi komissarı da üç uşaq ataları üçün möhlət hüququnun ləğvindən danışıb. Lakin Müdafiə Nazirliyi məsələni hələ öyrəndiklərini bildirib. Qeyd olunub ki, möhlət hüququ oktyabr ayında nazirlik tərəfindən “xoşməramlı jest” olaraq verilib.
Müdafiə Nazirliyinin qaynar xəttindən Daily Storm-a verilən məlumata görə, dörd uşaq atalarına səfərbərlikdən möhlət verilir, üçuşaqlı atalarla bağlı məsələ üzərində isə iş gedir.
“Məlum olan kimi, bu barədə Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi məlumat verəcək”, - nazirlikdən bildiriblər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə deyib ki, “üç uşaq atalarına verilən möhlətin ləğvi ilə bağlı Kreml heç nə bilmir”.
Dekabrın 21-də Baş Qərargah rəisi tərəfindən üç uşaq ataları üçün nəzərdə tutulan möhlətin ləğv edilməsi barədə Baykal hərbi komissarı Yuri Şuvalov bildirib. “Oktyabrın 4-də qəbul edilmiş (möhlət verilməsi haqqında) sənəd tamamilə ləğv edilib”, - o, vurğulayıb.
Bundan əlavə, Dövlət Dumasının Ailə, Qadın və Uşaq Komitəsinin rəhbəri Nina Ostanina İnsan Hüquqları Şurasının üzvü İrina Kirkoraya istinadən möhlət hüququnun ləğvindən danışıb. O, bunun qismən səfərbərliyin başa çatması ilə bağlı rəsmi qərar olduğunu irəli sürüb.
“Görünür, qərar artıq XHƏ zonasında olanları geri qaytarmaq çox çətin olduğu üçün verilib. Qərar ancaq bununla izah edilə bilər və izah edilməlidir!”, - deyə deputat əlavə edib.
***
Rusiyada üçuşaqlı atalar üçün səfərbərlikdən möhlət hüququ ləğv edilib.
Bu barədə "Kommersant" Dövlət Dumasının deputatı Nina Ostaninaya istinadən məlumat yayıb.
Qeyd edək ki, 16 yaşınadək üç və daha çox uşağı olan kişilərə qismən səfərbərlikdən möhlət hüququ 2022-ci ilin oktyabr ayında verilib.
Ötən ilin sentyabrında Rusiya Prezidenti Vladimir Putin əyani və qiyabi təhsil alan tələbələrə qismən səfərbərlikdən möhlət verilməsi haqqında fərman imzalayıb.