BAKI, 13 yanvar — Sputnik. “Türkiyə ilə münasibətlər İsveç üçün çox vacibdir”.
Bunu İsveçin xarici işlər naziri Tobias Billström paytaxt Stokholmda Türkiyə Prezidentinin edamının səhnələşdirilməsi ilə əlaqədar yaydığı bəyanatda bildirib.
“Hökumət, İsveç parlamenti sədrinin səfərinin təxirə salınmasından təəssüflənsə də, Türkiyənin reaksiyasını başa düşür. Türkiyə ilə əlaqələr İsveç üçün çox önəmlidir. Biz Memorandumun icrasını davam etdiririk.
Biz bu hadisələrə inanılmaz dərəcədə ciddi yanaşırıq. Demokratik yolla seçilmiş xarici liderin edamının səhnələşdirilməsi özlüyündə qınaq doğurur, xüsusən də iki aparıcı siyasətçinin öldürüldüyü bir ölkədə.
Bundan əlavə, bu hadisəni törətməyə görə məsuliyyət daşıyan təşkilat açıq şəkildə bəyan edib ki, məqsədi İsveçin NATO-ya üzvlük müraciətini sabotaj etməkdir". - bəyanatda deyilir.
İsveç XİN başçısı onu da qeyd edib ki, bu, ölkəsinin NATO yolunu çətinləşdirməkdir:
"Bu utanmaz hərəkət indi İsveçin və onun gələcək NATO müttəfiqi Türkiyənin başlatdıqları prosesi çətinləşdirmək və gecikdirmək riski daşıyır, xüsusilə də Türkiyə və İsveçin bir-birlərinə inam yaratmaq üçün addım-addım çalışdığı bir zamanda".
"Bu hərəkət bilavasitə Rusiyanın işinə yarayır və ölkəmizi zəiflədir və bu, İkinci Dünya müharibəsindən sonra ən ciddi təhlükəsizlik vəziyyəti zamanı baş verib. Biz bu məsələnin ciddiliyini vurğulaya bilmərik”, - XİN rəhbəri vurğulayıb.
***
Ankara Türkiyədə terror təşkilatı kimi tanınan Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı qəti addımlar atana qədər İsveçin NATO-ya daxil olmasını dəstəkləməyəcək.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu barədə İsveçə xəbərdarlıq edib.
Nazirin açıqlaması cümə axşamı Stokholmda PKK tərəfdarlarının mitinqdə Türkiyə Prezidenti Tayyib Ərdoğanın ünvanına təhqiramiz ifadələr səsləndirməsi və onun maketini bələdiyyə binasının qarşısındakı dirəyə ayaqlarından asmasından sonra verilib.
"PKK İsveçin NATO üzvlüyünə mina qoyur. Əgər İsveç hökuməti bu cür hərəkətlərə lazımi cavab verməsə, İsveçin NATO-ya üzvlük məsələsində gözlədiyi cavabı verməyəcəyik. Bu, çox açıq və aydındır. İsveç öz seçimini etməlidir" - deyə Çavuşoğlu TRT telekanalının efirində bildirib.
Türkiyənin xarici işlər naziri xatırladıb ki, Ankara İsveçdən terror təşkilatlarına qarşı mübarizə üzrə onunla imzalanmış memorandumu yerinə yetirməsini gözləyir. Bu, Türkiyə tərəfindən İsveçin Şimali Atlantika Alyansına daxil olmaq ərizəsini təsdiqləməsi üçün şərtdir. Bu sənəd ötən ilin iyununda NATO-nun Madrid sammiti çərçivəsində imzalanıb.
Türkiyə hakimiyyəti PKK tərəfdarlarının Stokholmdakı mitinqini pisləyib. İsveçin Ankaradakı səfiri cümə axşamı Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz bildirilib. Türkiyə parlamentinin sədri Mustafa Şentop İsveç parlamenti sədrinin yanvarın 17-nə planlaşdırılan Ankara səfərini ləğv edib, səfər zamanı şimal ölkəsinin NATO-ya qəbulu ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılırdı.