BAKI, 13 yanvar — Sputnik. "ABŞ senatorlarının Prezident Baydenə Azərbaycanla bağlı müraciəti erməni lobbisinin təsiri altında edilib". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Asim Mollazadə bildirib.
Millət vəkili deyib ki, Azərbaycana qarşı haqsız müraciətlərin edilməsi, bəyanatların səsləndirilməsi ilk dəfə baş vermir: "Bunu edənlər erməni lobbisi ilə yaxın münasibətdə olan şəxslərdir. Belə müraciətlər Azərbaycana, onun mövqeyinə heç bir təsir göstərə bilməz".
"Xatırlatmaq istəyirəm ki, Azərbaycanın müstəqilliyinin ilk illərində "907-ci düzəliş" qəbul edildi. Bu düzəlişi qəbul edən senatorlar, konqresmenlər o vaxt heç Azərbaycan sözünü tələffüz edə bilmirdilər. ABŞ-da Azərbaycana qarşı atılmış bütün addımların arxasında erməni lobbisi və diasporunun fəaliyyəti dayanır. Daha sonra ABŞ öz maraqlarına görə "907-ci düzəliş"in təbiqini dayandırdı. Çünki belə qararlar məhz ABŞ-ın özünə zərbə vurur", – deyə millət vəkili vurğulayıb.
Qeyd edək ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez və ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin rəhbəri Cek Rid prezident Co Baydenin administrasiyasından Qarabağa humanitar yardım göndərməyi tələb ediblər. Dövlət katibi Entoni Blinkenə göndərdikləri birgə məktubda Menendez və Rid Azərbaycanın Laçın dəhlizində yaratdığı vəziyyətdən "dərin narahatlıq" ifadə ediblər.