RUSİYA

Rusiyanı və hərbçilərini təhqir edən rusiyalıların əmlaklarının müsadirəsi təklif edildi

Dövlət Dumasının sədri qeyd edib ki, müsadirə son vaxtlar Rusiyanı, onun sakinlərini, əsgər və zabitlərini təhqir etməyi mümkün hesab edən, yaramazlara açıq şəkildə dəstək olan həmvətənlərimizə aiddir.
Sputnik
BAKI, 13 yanvar — Sputnik. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin xaricə gedən, Rusiya və onun hərbçilərinin ünvanlarına təhqiramiz ifadələr səsləndirən RF vətəndaşlarının əmlaklarının müsadirə edilməsini təklif edib.
Bu barədə Rusiya mediası xəbər verib.
"Dəymiş ziyanı ödəmək üçün onların Rusiya Federasiyasında kifayət qədər olan əmlakının müsadirə edilməsi haqqında bəndi Cinayət Məcəlləsinin müvafiq maddələrinə əlavə etmək düzgün olardı", – deyə Volodin "Telegram" kanalında qeyd edib.
O qeyd edib ki, bu, son vaxtlar Rusiyanı, onun sakinlərini, əsgər və zabitlərini təhqir etməyi mümkün hesab edən, yaramazlara açıq şəkildə dəstək olan həmvətənlərimizə aiddir.
"Rusiya Federasiyasının qanunvericiliyinə əsasən, bu cür bəyanatlar ekstremizmə çağırış, nasizmin reabilitasiyası və ya Silahlı Qüvvələrin nüfuzdan salınması kimi qəbul edilə bilər. Cinayət tərkibini müəyyən etmək isə istintaqın vəzifəsidir", - deyə Volodin bildirib.
Eyni zamanda, Dövlət Dumasının sədri yazıb ki, təcrübənin göstərdiyi kimi, mövcud cavab tədbirləri kifayət deyil.
"Gedənlər ölkəmiz sayəsində rahat yaşayırlar. Xaricdə olduqları müddətdə daşınmaz əmlaklarını icarəyə verirlər, Rusiya vətəndaşlarının hesabına rüsum almağa davam edirlər. Eyni zamanda, açıq şəkildə Rusiyanı ləkələməkdən, əsgər və zabitlərimizi təhqir etməkdən çəkinmirlər. Onlar ədalətin onlara çata bilməyəcəyini düşünərək cəzasız qaldıqlarını zənn edirlər", - deyə Volodin bildirib.