Qiymət artımının səbəbi nədir? Ekspertlər rəqabət mühitinin olmamasından gileylənir
Qiymət artımının əsas səbəbi rəqabətsizlik mühiti, ölkədə yerli istehsalın olmaması, gömrük və vergi qanunvericiliyinin yaratdığı problemlərdir.
SputnikBAKI, 13 yanvar — Sputnik. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən vətəndaşlar arasında təşkil olunan sorğunun nəticələrinə görə, əhali dünyada gedən müharibələrdən sonra ölkədə bahalaşmaya səbəb ikinci amil kimi sahibkarları günahlandırır. Belə ki, sorğunun nəticələrinə görə, respondentlərin 34.3 fazi bildirir ki, sahibkarlar və satıcılar süni şəkildə qiymətləri artırır.
Ekspertlər nə deyir: ölkədə bahalaşmaya səbəb əsas amil sahibkarların süni qiymət artımıdırmı?
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, istənilən ölkədə süni qiymət artımı varsa, demək ki, o ölkədə rəqabət yoxdur, iqtisadi institutlar çalışmır:
"Süni qiymət artımının olmasının səbəbini sırf bu nöqteyi-nəzərdən qiymətləndirilməsinin tərəfdarıyam. Pərakəndə satışda süni qiymət artımı ümumiyyətlə mümkün deyil. Ölkədə on minlərlə pərakəndə satış məntəqələri var. Onların sövdələşməsi və hansısa formada qiyməti eyni səviyyədə saxlaması mümkün deyil".
Ekspert bildirir ki, ölkəyə mal gətirən topdansatış şirkətləri ilə bağlı zaman-zaman Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən monitoriqnlər keçirməlidir:
"Dövlət Xidməti tərəfindən bu nəzarət həyata keçirilir. Lakin bu da çox çətin bir presedurdur, çünki ortada qiymət sövdələşməsinin sübutu olmalıdır".
"Bizdə dövlət tərəfindən qiymət tənzimlənmir. Dövlətin burada müdaxiləsi ancaq satılan məhsulların vergisinə aid ola bilər. Qiymət artımının fundamental problemləri var. Buna görə də daha fundamental probemlərə köklənmək lazımdır. Qiymət artımının əsas səbəbi rəqabətsizlik mühiti, ölkədə yerli istehsalın olmaması, gömrük və vergi qanunvericiliyinin yaratdığı problemlərdir. Düşünürəm ki, bu problemlərə köklənsək, daha yaxşı olar", -deyə o əlavə edib.
Ekspert onu da bildirir ki, süni-qiymət artımı ifadəsi özü belə bir çox problemləri gizlədən məsələlərdən biridir.
İqtisadçı Eldəniz Əmirov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sadə istehlakçılar arasında aparılan sorğu bahalaşmanın əsl səbəblərini ortaya çıxarmaq üçün yetərli deyil:
"Səbəbləri istehlakçılar dəqiq bilməyə bilər. Bu əsaslı araşdırma tələb edən məsələdir. Sorğunun müsbət tərəfi odur ki, artıq biz istehlakçıların bahalaşmaya daha çox süni qiymət artımının səbəb olduğunu düşündüyünü bilirik".
"Düşünürəm ki, bahalaşmaya səbəb olan əsas amillər sırasında qlobal iqtisadiyyatda olan böhran, yəni inflyasiya, ölkədə istehsal səviyyəsi və süni qiymət artımı dayanır. Burada birinci yerdə dayanan faktor qlobal inflyasiyadır", - deyə o əlavə edib.
Ekspert bildirir ki, satıcı qiyməti artırmır: "Sadəcə olaraq rəqabət mühiti olmadığı şəraitdə təsərrüfat subyektlərinin qiyməti diktə etmək bacarığı meydana gəlir. Rəqabət mühiti olduqda qiyməti diktə etmək funksionallığını itirir".
Qeyd edək ki, Dövlət Statisitka Komitəsinin məlumatına görə, son 1 ildə ölkədə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 20,1 faiz qalxıb. Noyabrda aylıq müqayisədə isə ərzaq məhsulları, içkilər və tütün məmulatları 1,2 faiz bahalaşıb.
Ən çox tərəvəzlər bahalaşıb
Ötən ay ərzaqlar içərisində ən çox bahalaşma tərəvəzlərdə qeydə alınıb. Belə ki, tərəvəzlərin qiyməti aylıq müqayisədə 5,7 faiz yüksəlib. Məsələn, ötən ay pomidorun 1 kiloqramının orta qiyməti 1,82 manatdan 2,34 manata, xiyarın 1 kq-ı 1,01 manatdan 1,21 manata, yerli kartofun 1 kq-ı 1,39 manatdan 1,45 manata qalxıb.
İkinci ən çox bahalaşma yumurtada qeydə alınıb. Belə ki, ötən ay yumurtanın qiyməti 3,2 faiz artıb. Noyabrda toyuq yumurtasının 10 ədədinin orta qiyməti 2,05 manatdan 2,11 manata yüksəlib.
Bahalaşan ərzaqlar içərisində üçüncü yerdə çay, qəhvə, kakao gəlir. Bu məhsullarda 2,8 faiz artım qeydə alınıb. 500 qramlıq çayın orta qiyməti 11,87 manatdan 12,22 manata qalxıb.
Çörək məmulatları və yarmalar, balıq və balıq məhsulları da aylıq müqayisədə 1 faiz bahalaşaraq ən çox yüksələn ərzaq məhsulları arasında yer alıb. Məsələn, 125 qramlıq şprot balıq konservləri 1,98 manatdan 2,02 manata, 125 qramlıq sayra, sardina balıq konservləri isə 1,69 manatdan 1,74 manata yüksəlib.
Keçən ay ət və ət məhsulları, süd və süd məhsulları 0,8 faiz, qənd, cem, bal, şokolad və konfetlər 0,7 faiz, kərə və bitki yağları 0,5 faiz, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,4 faiz bahalaşıb.
Məsələn, ötən ay sümüksüz mal ətinin 1 kq orta qiyməti 15,03 manatdan 15,19 manata, kərə yağı isə 19,55 manatdan 19,64 manata qalxıb.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti antiinhisar qanunvericiliyinin tələblərinə riayət edilməsi ilə bağlı nəzarət tədbirləri həyata keçirir.
Xidmətin dekabrın 13-də yaydığı məlumata görə, yağ məhsulları bazarında qiymət artımının səbəblərinin müəyyən olunması məqsədilə marqarin yağı, palma yağı, duru yağlar, bitki və heyvan mənşəli qarışıq yağ məhsulları barədə məlumatların təqdim edilməsi üçün əsas bazar iştirakçıları olan "Bakı Qida və Yağ Fabriki" MMC və "Sun Food" MMC-yə müraciət edilib. Lakin hər iki təsərrüfat subyekti tərəfindən məlumatlar təqdim olunmadığından onlara qarşı antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və hər iki müəssisəyə ayrı-ayrılıqda 5500 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müvafiq sahədə araşdırmaları davam etdirir.
Dövlət Xidməti tərəfindən araşdırmalar "Antiinhisar fəaliyyəti haqqında" qanun və Nazirlər Kabinetinin "Azərbaycanda antiinfliyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında" 21 fevral 2022-ci il tarixli sərəncamı çərçivəsində həyata keçirilir.