TƏHSİL

Övladı eksternat qaydasında imtahandan uğurla keçən ata dəyişikliklər tərəfdarıdır

Ötən il yeganə uğuru qazanan Duyğu Abbaslının atasının sözlərinə görə, eksternat qaydasında imtahanlarla bağlı müəyyən dəyişikliklərə ehtiyac var
Sputnik
BAKI, 13 yanvar — Sputnik. Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, imtahanda ümumi təhsil müəssisələri tərəfindən müvafiq müşayiət məktubu ilə adları təqdim edilmiş 8 şagird biliklərini nümayiş etdirib.
Nəticələr Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən yaradılmış komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək.
Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar. Bu mərhələdən də uğurla keçən III sinfin I yarımilində oxuyan şagird IV sinfin II yarımilində, VIII sinfin I yarımilində oxuyan şagird IX sinfin II yarımilində, X sinfin I yarımilində oxuyan şagird isə XI sinfin II yarımilində təhsilini davam etdirə biləcək.
2009-cu ildən ölkəmizdə tətbiq olunan eksternat qaydasında imtahanlarla bağlı vəziyyət necədir, müraciət edənlərin sayının az olmasının səbəbi nə ilə izah oluna bilər?
Təhsil üzrə ekspert Elşən Qafarov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Elm və Təhsil nazirinin qərarına əsasən şəxs təhsilini bir il öncə bitirmək üçün eksternat qaydasında imtahandan keçə bilər:
Elşən Qafarov

"Burada məqsəd istedadlı uşaqların əməyinin qiymətləndirilməsidir. İstedad amili İQ (intelligence quotient - insanın düşünmə qabiliyyəti əmsalı - Red.) qabiliyyətinin müəyyənləşməsi ilə ölçülür. Lakin qeyd edim ki, qaydalar çox sərtdir. Şagirdlər bir neçə mərhələdə imtahandan keçirlər".

Ekspert sualların sərt olmasının da rəqəmlərə təsir ediyini vurğulayıb:
"Bundan başqa, ayrılan müddətə görə də suallar həddindən artıq çoxdur".
Mütəxəssis qaydaların nisbətən yumşaldılmasına, imtahanların yalnız bir mərhələdən ibarət olmasına, sualların bir qədər sadələşdirilməsinə ehtiyac olduğunu bildirib.
Valideynin baxışı
Ramil Abbasovun övladı Abbaslı Duyğu da eksternat qaydasında imtahandan yararlanıb. Ötən ilin əvvəlində Xətai rayonu 24 saylı tam orta məktəbdə 3-cü sinifdə təhsil alan Duyğu imtahan verdikdən sonra həmin məktəbin 4-cü sinfin ikinci yarım ilində təhsilini davam etdirib.
Hazırda V sinifdə təhsil alan Duyğunun atası deyir ki, özünün eksternat qaydasında imtahanla bağlı məlumatı olmasa da, qızının bu haqda məlumatı olub. Azyaşlı valideynlərinə belə bir imtahan vermək istədiyini söyləyib:

"Qızım ötən ilin yanvarında III sinifdə ikinci yarım ildə keçmədiyi fənlərdən, dördüncü sinfin birinci yarımilindən əsas fənlər üzrə imtahanlardan uğurla keçib. Bundan sonra, elə ötən iin yanvarından IV sinfin ikinci yarım ili üzrə təhsilinə başlayıb. Ümumi olaraq isə qeyd edə bilərəm ki, qızım dərslərin öhdəsindən yaxşı gəlir, hansısa problemi yoxdur".

Nələr dəyişməlidir?
Ata bildirir ki, qaydalara görə, şagird pedaqoji şöbə, rayonun təhsil şöbəsindən sonra Elm və Təhsil Nazirliyinin özünün təşkil etdiyi imtahanlara qatılmalıdır.
"Bu üç mərhələnin olması yorucudur. Bir imtahanla uşağın bilik və bacarıqlarının yoxlanılması kifayət etməlidir. Bu üç mərhələnin hər birində uşaq psixoloji testdən, fənlər üzrə imtahanlardan keçir. Şagird nəticə etibarı ilə altı imtahandan keçməli olur", - deyə valideyn əlavə edib.
Həmsöhbətimiz sualların mürəkkəb olmadığını deyib. Qızının repetitor yanına getdiyini söyləyən ata uğurda övladının öz bilik və bacarığının da rolunun olduğunu vurğulayıb:

"Repetitorun da təsiri var, amma qeyd edim ki, çox şey uşağın özündən asılıdır. Əlavə olaraq onu da vurğulayım ki, ötən il yalnız Duyğu imtahanların hamısından uğurla keçməyi bacardı".

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, ümumtəhsil məktəblərində təhsil almanın 4 forması var: Əyani, qiyabi, distant və eksternat.
Sərbəst təhsilalma forması (eksternat) əsasında müstəqil hazırlaşıb, orta ümumtəhsil məktəblərində dərsdə iştirak etməyən şəxslər bu prossesə cəlb olunur.
Onu da qeyd edək ki, Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları”na əsasən, ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmə yalnız ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur. Hər hansı bir şagird ümumi təhsil pilləsində oxuduğu müddətdə təhsil səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər.