BAKI, 13 yanvar — Sputnik. Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin ailə üzvləri, ölkə parlamentinin cümə günü "Qazaxıstan Respublikasının Birinci Prezidenti - Elbası (Lider) haqqında" qanunun qüvvədən düşməsi barədə qərar qəbul etməsindən sonra əmlak və bank hesablarının toxunulmazlığı hüququnu itirəcək. Bu barədə cümə günü jurnalistlərə Qazaxıstanın ədliyyə naziri Azamat Yeskaraev bildirib.
Hazırda qüvvədən olan qanunda ailə üzvlərinin mülkiyyətinə, hesablarına toxunulmazlıq təminatı verilib. Qanun qəbul olunarsa, bu təminatlar ləğv ediləcək. Eyni zamanda, Qazaxıstanın eks-prezidenti üçün bütün toxunulmazlıq, o cümlədən şəxsi toxunulmazlıq təminatları qalacaq. Nazir qeyd edib ki, hazırda qüvvədə olan "Qazaxıstan Respublikasının Prezidenti haqqında" qanuna uyğun olaraq, sosial təminat, eks-prezidentin müdafiəsi, nəqliyyat xidmətləri və xidməti mənzillə təminat normaları mövcuddur.
Qazaxıstan parlamenti yanvarın 13-də palataların birgə iclasında "Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası haqqında" qanunu qüvvədən düşmüş hesab edib. İndi parlamentarilərin bu qərarını əks etdirən qanun layihəsi imzalanmaq üçün Qazaxıstan prezidentinə göndəriləcək.
"Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası haqqında" qanun Nazarbayevin, eləcə də onun ailə üzvlərinin statusunu və imtiyazlarını tənzimləyirdi. Nazarbayevin xalqa müraciət etmək, parlament qarşısında və hökumət iclaslarında çıxış etmək hüququ var idi. Qanuna görə, birinci prezidentin toxunulmazlığı var idi və bu, Nazarbayevin və onunla birlikdə yaşayan ailə üzvlərinin şəxsi əsaslarla sahib olduğu bütün əmlaka şamil edilirdi.
Birinci prezident haqqında qanunun ləğvindən sonra Nazarbayevin səlahiyyətləri keçmiş dövlət başçılarına aid ayrıca fəsillərin olduğu Qazaxıstanın Konstitusiyası və prezidenti haqqında qanunla tənzimlənəcək.