BAKI, 13 yanvar — Sputnik. Fransa Milli Assambleyasının spikeri Yael Braun-Pive İrəvanda erməni həmkarı Alen Simonyanla birgə mətbuat konfransı keçirib.
Braun-Pivenin sözlərinə görə, vəziyyətin gərginləşməsi fonunda Fransa nümayəndə heyəti Ermənistana gəlməyə məcbur olub.
O xatırladıb ki, Fransa parlamenti Fransa hökumətinə Ermənistana yardımı gücləndirmək, İrəvanla Bakı arasında dialoqu dəstəkləmək çağırışı ilə müraciət edib.
Fransa parlamentarisinin sözlərinə görə, ölkəsi Ermənistanın suverenliyini və müstəqilliyini möhkəmləndirməkdə həmişə onu dəstəkləyir.
Fransa Milli Assambleyasının sədri Ermənistan və Azərbaycan sərhədində monitorinq aparan Aİ müşahidəçilərinin fəaliyyətindən danışaraq, Parisin yeni missiyanın təşkili üçün Aİ-yə növbəti dəfə müraciət edə biləcəyinə ümid etdiyini bildirib.
"Fransa bu təşəbbüsü dəstəkləyir, lakin hər bir Aİ-yə üzv dövlətin bu mövqe ilə razılaşması zəruridir. Fransa iki ölkənin sərhədində Aİ-ni əvəz edə bilməz", - Braun-Pive bildirib.
O əlavə edib ki, Paris hazırkı vəziyyətdən də narahatdır.
Fransa Milli Assambleyasının sədri münaqişənin sülh yolu ilə və uzunmüddətli həllinə nail olmaq üçün tərəflər arasında dialoqun bərpasının zəruriliyini vurğulayıb.
Fransalı diplomat bildirib ki, ölkəsi, "beynəlxalq hüquq normalarından" çıxış edərək Qarabağın (ermənilərin "Artsax" adlandırdığı qondarma qurumun - red.) müstəqilliyini tanımır.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 33 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.