TƏHSİL

Doktorant, magistr və tələbələrin təqaüdləri artırılıb - SİYAHI

Elmlər, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara, magistr və tələbələrə verilən təqaüd artırıldı.
Sputnik
BAKI, 13 yanvar — Sputnik. Dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən artırılıb.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla həmin məbləğlər aşağıdakı kimi müəyyən edilib:
1.1. Doktorantura pilləsi üzrə:
1.1.1. elmlər doktoru hazırlığı üzrə doktorantlara – 400 (dörd yüz) manat;
1.1.2. fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 240 (iki yüz qırx) manat.
1.2. Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:
1.2.1. magistratura səviyyəsi üzrə:
1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 (yüz doxsan beş) manat;
2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 (yüz altmış) manat;
3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 (yüz on) manat;
1.2.2. bakalavriat səviyyəsi üzrə:
1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 (yüz yetmiş beş) manat;
2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 (yüz qırx beş) manat;
3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 ( bir yüz) manat.
1.3. Orta ixtisas təhsili müəssisələrində:
1.3.1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 100 (bir yüz) manat;
1.3.2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 80 (səksən) manat;
1.3.3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 66 (altmış altı) manat.
1.4. Peşə təhsili müəssisələrində:
1.4.1. akademik göstəriciləri "5" (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 100 (bir yüz) manat;
1.4.2. akademik göstəriciləri "4" və "5" (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 80 (səksən) manat;
1.4.3. akademik göstəriciləri "3"–"5" (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 66 (altmış altı) manat.
Ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manata qaldırılıb
Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 2023-cü il yanvarın 1-dən 275 (iki yüz yetmiş beş) manat müəyyən edilib.
Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşılıb.
Qeyd edək ki, indiyədək bu məbləğ 250 manat idi.