MƏDƏNİYYƏT

“Bakı payızı” 35 ildən sonra geri qayıdır - VİDEO

Müsabiqə beş istiqamət üzrə keçiriləcək: müasir vokal, orijinal janr, müasir xoreoqrafiya, bəstəkarlar, pop və rok ifa.
Sputnik
BAKI, 13 yanvar - Sputnik. Əfsanəvi “Bakı payızı” müsabiqəsi 35 ildən sonra bərpa edilir.
Bu barədə müsabiqənin sosial şəbəkə hesabında bildirilib. Qeyd olunub ki, müsabiqə beş istiqamət üzrə keçiriləcək: müasir vokal, orijinal janr, müasir xoreoqrafiya, bəstəkarlar, pop və rok ifa.
Artıq müraciətlərin qəbuluna start verilib. İfa olunan nömrənin videoçarxı və iştirakçı haqqında məlumat besttalent@bestcast.az e-poçtuna göndərilməlidir.
Layihənin təşkil edilməsində məqsəd ölkədə müasir estrada sənətinin inkişafına təkan vermək, gənclər arasında yeni istedadlı ifaçıları üzə çıxarmaq və onların peşəkar inkişafında, böyük səhnələrə və beynəlxalq arenalara çıxışlarına dəstək olmaqdır.
“Bakı Payızı-2023”də bəstəkarlar arasında ən yaxşı mahnı müsabiqəsi də keçirilir. Müsabiqənin ənənəvi xarakter alacağı və Azərbaycan estrada sənətinin inkişafına yeni təkan verəcəyi planlaşdırılır.
Qeyd edək ki, Bakı Payızı-88 gənc estrada ifaçılarının müsabiqəsidir. Bu müsabiqə 1988-ci ildə Bakı Şəhər Mədəniyyət İdarəsi ilə Azərbaycan Televiziyası və Radio Komitəsinin birgə səyi nəticəsində təşkil olunub.
Müsabiqə ilk dəfə ötən əsrin 60-cı illərinin ikinci yarısında yaranmış, lakin uzun müddət keçirilməmişdir. Təxminən 20 ilə yaxın uzun fasilədən sonra "Bakı Payızı" müsabiqəsi 80-ci illərdə yenidən estrada musiqisinə töhfələr verməyə başlayır. "Bakı Payızı-83" və "Bakı Payızı-85" müsabiqələrindən ilhamlanaraq zamanının istedadlı və gənc rejissorlarından biri olan Sevinc Kərimova müsabiqəni bərpa etmək qərarına gəlir.
Müsabiqə keçirilən illərdə sonradan Azərbaycanda məşhurluq qazanan neçə-neçə ifaçı “Bakı payızının” iştirakçısı olub. Onların arasında Faiq Ağayev, Zülfiyə Xanbabayeva, Tünzalə Ağayeva, Samir Bağırov, Aygün Kazımova və başqaları var.