CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda pensiyanın orta məbləğində bu il daha ciddi artım olacaq

Nazirin sözlərinə görə, üç-dörd il öncəyə nəzər salsaq, orta pensiyanın məbləği 220 manat idi, hazırda isə 400 manata çatıb.
Sputnik
BAKI, 13 yanvar — Sputnik. "Bu gün 1 milyon 100 mindən çox vətəndaşımız aylıq əsasla pensiya alır. Ötən il yaşa görə pensiyalar orta hesabla 12 faiz artıb və 400 manata çatıb. Eyni zamanda, ümumi orta pensiyanın da məbləği 12 faiz artaraq 372 manat olub. Əlilliyə görə də pensiyaların məbləği artıb".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTV-də çıxışı zamanı deyib.
Onun sözlərinə görə, üç-dörd il öncəyə nəzər salsaq, orta pensiyanın məbləği 220 manat idi, hazırda isə 400 manata çatıb: "Bu rəqəm yanvarın 1-nə olandır. Bu il ərzində daha ciddi artım olacaq, çünki yanvarın 1-dən etibarən həm minimum pensiya artdı, həm də ötən ilin orta əməkhaqqı rəqəmləri təsdiq olunduqdan sonra pensiyaların indeksasiyası da həyata keçiriləcək. Burada da ciddi rəqəmlər gözləyirik. Pensiyaçılarımızın təminatının yaxşılaşdırılmasını qarşımıza hədəf olaraq qoymuşuq. Bu istiqamətdə işlərimiz davam edir. 2021-ci illə 2022-ci ili müqayisə etsək, pensiyaçılara ödədiyimiz əlavə ödəniş 410 milyon manatdan artıq olub. Bu sahədə davamlı siyasət aparılır".
Nazir bildirib ki, ikinci seqment əmək qabiliyyəti olmayan əlilliyi olan insanlardır. Həmin şəxslərin də pensiyalarında ciddi artımlar var və onlarla bağlı müxtəlif proqramlar həyata keçirilir: "Müəyyən dərəcədə əmək qabiliyyəti olan əlilliyi olan vətəndaşlar da məşğulluq proqramlarına cəlb edilir. Onlara da həm özünüməşğulluq proqramı, həm də əmək müqavilələri çərçivəsində imkan yaratmağa çalışırıq".
O diqqətə çatdırıb ki, üçüncü seqmentimiz işləyən, lakin gəliri ailəsini dolandırmağa imkan verməyənlərdir. Burada da ünvanlı sosial yardım mexanizmini ciddi şəkildə genişləndirərək 60 min ailəyə çatdırmışıq, orta rəqəm isə 460 manata çatacaq. Bu da onlar üçün ciddi dəstəkdir.
"Bütün seqmentlərin hər birində incəliklər, çətinliklər olsa da, müsbət məqamlar da kifayət qədərdir. Təbii ki, passiv ödənişlərə maraq daha çoxdur. Lakin hədəfimiz ondan ibarətdir ki, insanları maksimum aktiv ödənişlərə cəlb edək. Eyni zamanda, haqqı çatan hər bir insan üçün əlçatanlığı təmin edək. Saxta yollarla həmin imtiyazlardan yararlanmaq istəyənlərin isə qarşısını alaq", - deyə o əlavə edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam ölkəmizdə son beş ildə artıq dördüncü sosial islahat paketinin icrasına başlanmasını, yeni ildə yeni sosial islahat mərhələsinə keçidi təmin edir. Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb.
Yeni Sərəncama əsasən, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək.
Son 5 ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb.