BAKI, 13 yanvar — Sputnik. Avropa İttifaqı keçən ilin üçüncü rübündə mayeləşdirilmiş təbii qazın (LNG) idxalını illik müqayisədə 89% artırıb, ən böyük tədarükçülər ABŞ, Qətər və Rusiya olub. Bu məlumat Avropa Komissiyasının qaz bazarına dair rüblük hesabatında qeyd olunub.
Aİ-nin LNG idxalı 2022-ci ilin üçüncü rübündə keçən ilin eyni dövrü ilə müqayisədə heyrətamiz dərəcədə 89% artaraq 32 milyard kubmetr təşkil edib.
Sənəddə deyilir ki, ötən ilin böyük bir hissəsində Avropadakı qaz qovşağının qiymətləri Asiya bazarlarındakı qiymətlərdən yüksək olub və bu, Aİ-yə LNG tədarükü üçün güclü stimul yaradıb.
Birləşmiş Ştatlar Aİ-yə 13 milyard kubmetr qaz verən əsas LNG tədarükçüsü olub ki, bu da İttifaqa bu növ qazın ümumi idxalının 40%-ni təşkil edib. Onları Qətər (5,4 milyard) və Rusiya (4,5 milyard) izləyir.
Aİ 2022-ci ilin üçüncü rübündə Yaponiya və Çini qabaqlayaraq dünyanın ən böyük LNG idxalçısı olub.
Fransa üçüncü rübdə 8,8 milyard kubmetr LNG alaraq İspaniyanı (7,0 milyard) və Hollandiyanı (4,7 milyard) qabaqlayıb və İttifaqın ən böyük idxalçısı olub.
Onu da xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq ediblər. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyadan sərt şəkildə təcrid etmək olmaz.