BAKI, 12 yanvar — Sputnik. "Son günlər respublikamızda müşahidə olunan şaxtalı və qarlı hava şəraiti meşə əkinlərinə və ümumilikdə yaşıllıqlara müsbət təsir göstərib. Mənfi temperatur ağac gövdələrində, meşəaltı örtük altında qışlayan ziyanverici həşəratların yumurta, sürfə və yetkin fərdlərini məhv edib, xəstəliktörədici göbələklərin inkişaf və artımını aşağı salıb".
Bunu mətbuata açıqlamasında Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib.
O qeyd edib ki, havaların quraq keçdiyi dövrlərdə bəzi rayonlarda gəmiricilərin və zərərverici həşəratların say dinamikasının artdığı müşahidə olunurdu, xüsusən də zəifləmiş şam ağacları zərərverici həşəratlara və qabıqyeyən böcəklərə qarşı davam gətirə bilmirdi.
"Son günlər yağıntıların bol olması torpaqda rütubətliliyi artırıb, şaxtalı hava ziyanvericiləri məhv edib, nəticədə ağaclar öz bioloji prosesslərini normal davam etdirə bilir".