BAKI, 12 yanvar — Sputnik. Bir neçə gün öncə, qarlı havanın ilk günü Bakının Nizami rayonu ərazisində 17 binanın istilik təminatında fasilə yaranıb və problem təxminən 1 saat ərzində aradan qaldırılıb, həmin binalardakı bütün mənzillərə istilik verildi.
Maraqlıdır, qarlı havalarda istiliyin verilməsi ilə bağlı ümumi vəziyyət necə oldu?
"Azərisitiktəchizat" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Elvin Basqallı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hava şəraiti ilə əlaqədar qrafikə uğun olaraq qazanxanalarda istiliyin həcmi artırıldı. Onun sözlərinə görə, yanvarın 10-a olan məlumata görə, hazırda istiliyin verilməsi ilə bağlı hansısa problem yoxdur, qurumun balansında olan 564 qazanxananın hamısı fəaliyyət göstərib.
Lakin həmin günlərdə sosial şəbəkələrdə paylaşılan müxtəlif statuslarla paytaxtın müxtəlif ərazilərində istiliyin verilməsi ilə bağlı problemlərin olduğu məlum olub. Paytaxtın Yasamal rayonu ərazisində - Zahid Xəlilov 23 ünvanında da istiliyin verilməsində problem var. Sakinlər verilən istiliyin evi isitmədiyini, hiss olunacaq səviyyədə olmadığını deyir.
Valideyn Mübariz Maqsudov da deyir ki, məktəblərin çoxunda istiliklə bağlı problem var. O qeyd edir ki, Rəsulzadə qəsəbəsində 100 nömrəli məktəbdə istilik sistemi bərbaddır:
"İstilik sistemi olsa da, şagirdlər məktəbdə kurtkada otururlar".
Samir Soltanovun sözlərinə görə Aran rayonundakı məktəblərdə ümumiyyətlə istilik sistemi çəkilməyib.
Nazirlik nə deyir?
Məsələ ilə bağlı Təhsil Nazirliyindən isə bildirilib ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq ölkə üzrə ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti nisbətən azalıb. Bu vəziyyət xüsusən də dağlıq və dağətəyi rayonlarında dərsə davamiyyətə daha çox təsir edib:
"Şaxtalı hava ilə bağlı bəzi ümumi təhsil müəssisələrində istilik təminatı ilə bağlı problemlər qeydə alınıb. Bu məktəblərdə istiliyin bərpası istiqamətində işlər aparılır”.
Paytaxt üzrə də məktəblərdə istilik problemi olubmu?
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, qarlı hava şəraiti ilə əlaqədar Bakıda yüksək ərazilərdə fəaliyyət göstərən ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb.
Qazın verilməsində necə, hansısa problem oldumu?
Qurumdan bildirilib ki, hazırda demək olar ki, hava şəraiti ilə əlaqədar olaraq Bakıda qazın verilişində xırda problemlər nəzərə alınmasa, demək olar ki, problem olmayıb:
"Yalnız 1-2 ərazidə müəyyən problemlər olub. Bunlardan biri Nəsimi rayonu ərazisində Əbdülvahab Salamzadə küçəsində baş verən avtomobil qəzası nəticəsində 1500 əhali abonentinin evinə qazın veilişində dayanma vardı. Həmin ərazidə işlər yekunlaşıb. Bundan başqa, Ziya Bünyadov prospektində də baş verən qəza ilə əlaqədar 15 qeyri-əhali abonentinə qazın verilişi dayanıb. Həmin ərazidə də qazın verilişi bərpa olunub".
"Azəriqaz" İstehsalat Biriliyindən verilən məlumatda qeyd olunub ki, cari ayın 6-sı sutqalıq qaz qəbulu 17563000 ayın 10-da isə sutkalıq qaz qəbulu 22191000 olub.
Qurumdan verilən məlumatda qeyd olunub ki, qarlı-şaxtalı günlərdə təbii qazın qəbulunda artım olub, hansısa qazanxanada problem aşkarlanmayıb.