DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstanın ilk prezidenti Nazarbayev statusunu itirib

Maulen Aşimbayev bildirib ki, parlamentin deputatları palataların birgə iclasında respublikanın ilk prezidenti Elbası (xalq lideri) haqqında konstitusiya qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında qanun layihəsinə baxacaqlar.
Sputnik
BAKI, 12 yanvar — Sputnik. Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev fəxri senator statusunu itirib, bu titul parlamentin Senatının (yuxarı palatasının) reqlamentindən çıxarılıb. Bunu Palatanın sədri Maulen Aşimbayev bildirib.

"Biz fəxri senator adını reqlamentimizdən çıxardıq. Bütün bu hərəkətlər ümumxalq səsverməsinin nəticələrinə görə həyata keçirilir", - Aşimbayev jurnalistlərə bildirib.

Spiker həmçinin bildirib ki, cümə günü parlamentin deputatları palataların birgə iclasında respublikanın ilk prezidenti Elbası (xalq lideri) haqqında konstitusiya qanununun qüvvədən düşmüş hesab edilməsi haqqında qanun layihəsinə baxacaqlar.
30 ilə yaxın Qazaxıstana rəhbərlik edən Nazarbayev 2019-cu il martın 20-də prezidentlikdən istefa verib. Daha əvvəl Senatın sədri olmuş Kasım-Jomart Tokayev dövlət başçısı olub. O, inauqurasiya zamanı Nazarbayevə fəxri senator statusunun verilməsini zəruri hesab etdiyini bildirib.
Həmin il may ayının sonunda yuxarı palatanın deputatları birinci prezidentə fəxri senator statusunun verilməsi haqqında qərar qəbul etdilər. Palatanın mətbuat xidməti daha sonra açıqlayıb ki, bu status Nazarbayevə "Qazaxıstan Respublikasının demokratik, dünyəvi, hüquqi və sosial dövlət kimi konstitusiya-hüquqi əsaslarının formalaşmasında, eləcə də dövlətin inkişafında müstəsna xidmətlərinə görə verilib.
2019-cu il iyunun 6-da Nazarbayevə Qazaxıstanın fəxri senatoru döş nişanını və vəsiqəsini o vaxt parlamentin yuxarı palatasına rəhbərlik edən böyük qızı Dariqa təqdim edib.
Qazaxıstanda 2022-ci ilin iyununda referendumda vətəndaşların dəstəklədiyi konstitusiyaya əlavə və dəyişikliklər qüvvəyə minib. Dəyişikliklər arasında ölkənin əsas qanunundan birinci prezidentlə bağlı bütün istinadların çıxarılması da var. O cümlədən, konstitusiyanın 46-cı maddəsindən birinci prezidentin statusu və səlahiyyətlərinin konstitusiya və müvafiq konstitusiya qanunu ilə müəyyən edildiyini bildirən bənd çıxarılıb.