CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Media subyektləri 3 il müddətinə vergilərdən azad edilə bilər

MEDİA-nın İcraçı direktoru qeyd edib ki, çap mediasının inkişafı və rəqəmsal transformasiyanın dəstəklənməsi ilə bağlı strateji plan hazırlanıb və aidiyyəti üzrə təqdim edilib.
Sputnik
BAKI, 12 yanvar — Sputnik. "Media subyektlərini (audiovizual media subyektləri istisna olmaqla) 3 il müddətinə vergilərdən azad edən qanun layihəsi hazırlanıb".
Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov 2022-ci il üzrə görülmüş işlərə dair hesabat konfransında deyib.
O qeyd edib ki, qanun layihəsinə əsasən, media subyektləri öz fəaliyyətlərindən əldə etdikləri gəlirlərin, reklam gəlirlərinin, habelə onlara verilən müvafiq yardımların gəlir, mənfəət və sadələşdirilmiş vergilərdən, istehsal etdikləri media məhsullarının təqdim edilməsinin əlavə dəyər vergisindən azad edilməsini ehtiva edir.
Ə.İsmayılov bildirib ki, qanun layihəsi maraqlı orqanlarla tam razılaşdırılıb və hökumətdə baxılmaqdadır.
MEDİA-nın İcraçı direktoru qeyd edib ki, çap mediasının inkişafı və rəqəmsal transformasiyanın dəstəklənməsi ilə bağlı strateji plan hazırlanıb və aidiyyəti üzrə təqdim edilib.
Onun sözlərinə görə, region mediasının inkişafı ilə bağlı da diaqnostik icmal hazırlanmaqdadır:

"Onu da bildirim ki, milli məzmun, sosial reklam və ictimai faydalı elanların maliyyələşdirilməsi yolu ilə mediaya dəstək mexanizmləri barədə beynəlxalq təcrübənin təhlili və təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib".