DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistandan KTMT-yə reaksiya: Bu sizin səlahiyyətlərinizə daxil deyil

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, KTMT-nin işçi orqanı olan Katibliyin səlahiyyətlərinə KTMT Kollektiv Təhlükəsizlik Şurası üzvlərinin bəyanatlarını şərh etmək daxil deyil.
Sputnik
BAKI, 12 yanvar — Sputnik. İrəvan KTMT-nin baş katibi İmanqali Tasmaqambetovu Ermənistanda keçirilən "Sarsılmaz qardaşlıq-2023" təlimlərinin ləğvi ilə bağlı KTMT Katibliyinin bəyanatını ciddi şəkildə yoxlamağa çağırır.
Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan deyib.
O xatırladıb ki, KTMT-nin işçi orqanı olan Katibliyin səlahiyyətlərinə KTMT Kollektiv Təhlükəsizlik Şurası üzvlərinin bəyanatlarını şərh etmək daxil deyil.
"KTMT-yə üzv dövlətlər Katiblikdən öz hərəkətləri və qərarları ilə bağlı hər hansı anlayış gözləmirlər. Katibliyin vəzifələri Təşkilatın nizamnamə sənədlərində aydın şəkildə göstərilib", - Unanyan bildirib.
Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib ki, Katiblik Təşkilatın orqanlarının fəaliyyətinə təşkilati, informasiya, analitik və məsləhət dəstəyinin həyata keçirilməsi üçün işçi orqandır. Unanyan baş katibi bunun gələcəkdə baş verməməsi üçün addımlar atmağa çağırıb.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəsi bu il KTMT-nin təlimlərinə ev sahibliyi etməyəcək.