BAKI, 12 yanvar — Sputnik. İmişlidə məktəbdə tualet problemini qabardan müəllimənin yaydığı müraciət ictimaiyyətdə narahatlıq yaradıb. Müəllim yaydığı son videoda izləyicilərdən ona dəstək aksiyasını dayandırmağı xahiş edib:
"Çox xahiş edirəm, aksiyanı dayandırın, aksiyanı dayandırmasanız, bir azdan məni cinayətkar elan edəcəklər. Məni tənqid edin, dəstəkləməyin..."
Sputnik Azərbaycan İmişli rayon Yusif Sadatxanov adına Aranlı kənd Orta Məktəbinin müəllimi Leyla Nəcəfquliyevaya çəkdiyi son videoya görə təyziq olub-olmadığını araşdırıb.
L.Nəcəfquliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son videonu ictimaiyyətin ona dəstəyi direktorda, məktəb kollektivində qıcıq yaratdığı üçün çəkib:
"Mənə qarşı hər hansı təyziq olmayıb. İmişli Rayon Polis İdarəsinin rəis müavini bizim evə gələrək mənə həmin videodan sonra dəstək olub bildirdi ki, heç nədən qorxub çəkinməyim. Rəis müavini onu da söylədi ki, mənim təhlükəsizliyim onların nəzarətindədir. Buna görə polis əməkdaşlarına təşəkkür edirəm".
Xatırladaq ki, İmişli rayon Aranlı kənd 1 saylı tam orta məktəbində dərsi boykot edərək, ayaqyolu tikilənə qədər şagirdlərdən məktəbə gəlməmələrini istəyən müəllim Nəcəfquliyeva Leyla Rəhim qızına töhmət verilməsi ictimai qınağa səbəb olub.
Haqqı tələb edən, şagirdləri üçün problemi ictimailəşdirən müəllimə töhmət verilməsi birmənalı qarşılanmır. Baxmayaraq ki, Mil-Muğan Regional Təhsil İdarəsi müəllimin yayılan görüntülərə görə töhmət alması xəbərinin həqiqəti əks etdirmədiyini bildirib.
L.Nəcəfquliyevaya 2022-ci ilin dekabr ayında özbaşına iki gün işə gəlmədiyi, əmək intizamını pozduğu üçün rəhbərlik tərəfindən töhmət verildiyi iddia olunur.