BAKI, 11 yanvar — Sputnik. Yanvarın əvvəlində Latviyada həbs edilən "Sputnik Litva"nın baş redaktoru Marat Kasem onun vəziyyətinə görə narahat olan və kömək edən hər kəsə təşəkkür edib.
Kasem Riqadan olan dostu Deqi Karaevə məktub yazıb. Deqi Karaev onu "Telegram" kanalında yerləşdirib.
"Sputnik Litva"nın baş redaktoru bir həftə ərzində 8 kiloqram arıqladığını bildirib.
O, təsdiqləyib ki, Latviya hakimiyyəti onu 84-cü maddə - iqtisadi sanksiyaları pozmaqda ittiham edir.
"Verilişlərimizin super reytinqini nəzərə alaraq, "Sputnik"də işləməyimi inkar etmək axmaqlıq olardı. Latviya mediası mənim həbsimə çox sevinib? Allah onları mühakimə etsin!", - deyə Kasem yazıb.
O, həmçinin ondan narahat olan və kömək edən hər kəsə təşəkkür etməyi xahiş edib. "Mən hər şeyi hiss edirəm və daşqın emosiyalardan göz yaşları axır!" - Kasem yazıb.
Marat Kasem Latviya vətəndaşıdır, bir neçə ildir ki, Moskvada yaşayır, "Sputnik Litva"nın da daxil olduğu "Rossiya Seqodnya" BİA-da işləyir.
Dekabrın 30-da jurnalist ailəvi səbəbdən Latviyaya gəlib. "Sputnik Litva"nın məlumatına görə, o saxlanılıb və yanvarın 5-də Riqa məhkəməsi onu həbs edib. Kasem Riqa mərkəzi həbsxanasına köçürülüb.
Daha əvvəl "Sputnik Yaxın Şərq" onun vəkilinə istinadən xəbər vermişdi ki, Kasem işində söhbət Aİ-nin Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyalarının pozulması, həmçinin casusluqdan gedə bilər.
Bir qədər əvvəl RİA Novosti-yə “Rossiya Seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselyov bildirib ki, Kasemin saxlanması Rusiya mediası ilə işlədiyinə görə qisas idi, jurnalistin özü də Latviya rejiminin siyasi təqibini hiss edir və tez-tez bu barədə danışırdı.