BAKI, 11 yanvar — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin "Çətin həyat şəraitində olan 18 yaşdan yuxarı müəyyən yaşayış yeri olmayan şəxslərin sosial reabilitasiya şöbəsi"nə ilin əvvəlindən bu günədək dörd nəfər müraciət edib.
Bu barədə Sputnik Azərbaycan-a Sosial Xidmətlər Agentliyindən məlumat verilib. Qeyd olunub ki, hazırda müəssisənin müvafiq şöbəsində 50 şəxsə xidmət göstərilir. Onlardan 39-u kişi, 11-i isə qadındır.
"Bundan əlavə qeyd edək ki, adıçəkilən müəssisə baxımsız, kimsəsiz və sosial vəziyyəti təhlükəli olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası şöbəsində 26 uşaq dövlət qayğısı ilə əhatə olunur", - məlumatda deyilir.
Agentlikdən o da bildirilib ki, iki gün öncə çətin həyat şəraitində yaşayan iki nəfər Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə təcili tibbi yardım vasitəsilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib: "Hazırda vətəndaşlar həmin xəstəxanadadırlar və ailənin vəziyyəti diqqətdə saxlanılacaq".
Agnetliyin məlumatına görə, müəssisəyə qəbul olunanlar 180 gün ərzində xidmətlərlə təmin olunurlar. Onlar bu müddətdə sosial-məişət, sosial-hüquqi xidmətlərlə yanaşı, günlük olaraq qida normaları əsasında üç dəfə yemək, 2 iki dəfə qəlyanaltı, yaşayış yeri və geyimlə təmin edilirlər.
Qeyd edək ki, ötən ilin martına olan məlumata görə, Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiya şöbəsinə 1-i sağlamlıq imkanı məhdud olmaqla, ümumilikdə 7 yeniyetmə qəbul edilib.
Bu şəxslərlə bağlı məlumatlar Dövlət Sosial Müdafiə Fondu tərəfindən araşdırıldıqdan sonra onlar məskunlaşmaq üçün sığınacağa göndərilir. Xüsusən də yağışlı, şaxtalı və qarlı günlərdə bura müraciət edənlərin sayı artır.
Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi 2017-ci ildən fəaliyyətə başlayıb. Burada ümumi sayı 10 olan otaqlar 4, 5 və 8 nəfərlikdir.