BAKI, 11 yanvar - Sputnik. Demoqrafiya sahəsində problemlərin həllinə xüsusi diqqət yetirmək lazımdır.
Bunu Rusiya Prezidenti Vladimir Putin hökumət üzvlərinin iştirakı ilə keçirdiyi müşavirədə bildirib.
"Əlbəttə, demoqrafiya sahəsində kəskin problemlərin həllinə xüsusi diqqət yetirilməlidir. Hakimiyyət demoqrafiya sahəsində əsas problemlərin nədən ibarət olduğunu və onlara necə yanaşmaq lazım olduğunu anlayır", - o deyib.
Qeyd edək ki, şimal qonşumuz Rusiyada demoqrafik vəziyyət pisləşib. İldən-ilə ölkədə doğum səviyyəsi azalmağa doğru gedir. 2022-ci ildə Rusiyada doğum səviyyəsi 6 faizdən çox azalıb. Demoqrafiya sahəsində ekspertlər 2023-cü ildə Rusiyada doğum səviyyəsinin daha çox - 8-10% azalacağını proqnozlaşdırırlar.
Rusiya Elmlər Akademiyasının Demoqrafik Tədqiqatlar İnstitutunun direktor müavini, iqtisad elmləri namizədi Vadim Bezverbnı və Ali İqtisad Məktəbinin Demoqrafiya İnstitutunun direktoru Mixail Denisenko isə Rusiyanın 2050-ci ilə qədər dünya əhalisinin sayına görə ilk 10 ölkənin olduğu siyahını tərk edə biləcəyi proqnozu ilə çıxış ediblər.