BAKI, 11 yanvar — Sputnik. 2022-ci ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 28 sahibkarlıq subyektinə (sənaye parklarında 23, sənaye məhəllələrində 5) rezident statusu verilib. Qeydiyyata alınmış rezidentlər tərəfindən ümumilikdə 171 milyon manat investisiyanın yatırılması, 2400-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bu rezidentlər tərəfindən sənaye zonalarında müxtəlif tonajlı yük və xüsusi təyinatlı avtomobillərin, elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının, müxtəlif tikinti kimyəvilərin, elektrik avtomat və sayğacların, yumşaq polimer qablaşdırma məhsullarının, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların, dam örtüklərinin, avtomatlaşdırma və telemexanika sistemlərinin, divar kağızlarının və s. istehsalı layihələri həyata keçiriləcək.
Qeyd edək ki, İqtisadi Zonaların İnkişafı Agentliyi 6 sənaye parkının (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları), 4 sənaye məhəlləsinin (Hacıqabul, Masallı, Neftçala və Sabirabad sənaye məhəllələri), 51 aqroparkın və Peşə Təhsil Mərkəzinin idarəedici təşkilatıdır.