CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müəmma: Sədərəkdə yanğından mühafizə üçün su borularını kim bağlayıb?

Yanğın baş verərkən onu söndürmək üçün içəri daxil olan mağaza sahibləri su borularını açanda su gəlməyib.
Sputnik
BAKI, 11 yanvar — Sputnik. "Sədərək" Ticarət Mərkəzində baş vermiş yanğının üzərindən üç gün keçsə də, hələ də bu ticarət obyektinin "Şirniyyat" adlanan bölməsində iş öz ahənginə qayıtmayıb. "Şirniyyat" bölməsinin ticarət mərkəzinin 15-16-cı sıralarında isə sadəcə yanğından zərər çəkənlər var. Onlar artıq iki gündür, yanıb külə dönmüş mağazalarında təmizlik işləri ilə məşğul olurlar. Kimisi yanmış əşyaların arasından salamat əşya axtarır, kimisi də yanmış dəmir konstruksiyaları sökməklə məşğuldur. Amma hər birinin üzündə kədər, ümidsizlik...
Sputnik Azərbaycan-ın əməkdaşı bir neçə gün öncə yanğın baş vermiş "Sədərək" Ticarət Mərkəzində zərər çəkmiş sahibkarlara dəymiş ziyan, yanğında şübhəli bilinən şəxsin kimliyini araşdırmaq məqsədilə ticarət obyektinə yollanıb.
"Sədərək"də yanğını kim törədib?
Baş Prokurorluğun və Fövqəladə Hallar Nazirliyinin yanğında şübhəli bilinən şəxslə bağlı məlumatı ticarət obyektində birmənalı qarşılanmayıb. Sən demə həmin şəxs elə ticarət obyektində çalışır, elə yanğın da məhz onun mağazasında baş verib.
"Sədərək" Ticarət Mərkəzində mağazası yanmış sahibkar Elçin Mahmudov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yanğında şübhəli bilinən Əfqan Abdullayev də orada atası ilə birgə mağaza işlədir. Onun sözlərinə görə, elə yanğın onların mağazasından başlayıb:
"Əfqan atası ilə birgə yorğan-balınc, tekstil məhsulları satır. Onlar yeri icarəyə götürmüşdülər. Yanğını Əfqanın qəsdən törətməsinə inana bilmirəm. Atası çox yaxşı, namaz qılan insandır. Özünü də pis insan kimi tanımırıq. Yanğın baş verəndən sonra ondan soruşdum ki, necə olub bu hadisə? Mənə bildirdi ki, ən son o çıxıb, çıxanda sayğacı söndürüb. Onların mağazasında elektrik qızdırıcısı da olmayıb. Yanğını öz mağazasında törətməsinə adamın inanmağı gəlmir. Onu şəxsən yaxşı tanımasam da, atası çox hörmətli din əhlidir. Belə hadisəni onun oğlunun törətməsi də ağlabatan görünmür. Amma yenə yəqin prokurorluq araşdıraraq hüquqi qiymət verəcək".
Əfqanın atası bunu böhtan adlandırır...
Əfqan Abdullayevin atası hazırda ticarət mərkəzində olmasa da, onunla əlaqə qura bildik. Əfqan Abdullayevin atası Səməd Abdullayev də Sputnik Azərbaycan-a açıqlamasında yanğın hadisəsini oğlunun törətmədiyini bildirib. Onun sözlərinə görə, yanğının oğlu ticarət mərkəzindən çıxdıqdan sonra baş verdiyini kamera görüntüləri də təsdiqləyir:
Sədərək Ticarət Mərkəzi yanğından sonra
"Mənim oğlumun ağlı yerindədir. Dəli deyil ki, öz mağazasını yandıra. Biz təzəcə mal vurub mağazamızı doldurmuşduq. Oğluma başqa adla sənədə imza atdırıblar. Onu aldadaraq yanğını törətdiyini təsdiqləyən sənədə imza atdırıblar. Mən yeni əməliyyat olunmuşam. Dünən səhər saat 10:00-dan oğlumu çək-çevirə salıb sonda saat 19:00 da bir sənədə imza atdırmaqla həbs ediblər".
S.Abdullayev həmçinin bildirib ki, onun həyat yoldaşı ticarət mərkəzinin rəhbəri ilə yaxın qohumdur:
"Biz öz qohumumuzun mərkəzinə ziyan vurarıqmı? O ticarət mərkəzində hər kəs məni də, oğlumu da yaxşı tanıyır. Hamısı bilir ki, biz belə iş görmərik. Ona görə kim mənə zəng edir, oğlumu şərləməkdə nə məqsəd olduğunu soruşur. Biz öz çörəyimizin də düşməni deyilik ki. Oradan bizim ailəmiz də çörək yeyir. Öz malına od vuracaq qədər ağlımızı itirməmişik. Oğlumu dövlət vəkillə təmin edib. Bu gün özüm bu işin arxasınca gedəcəm. Yanğın qısa qapanmadan baş verib".
Elə ticarət obyektində çalışanlar da Səməd kişinin sözünə qüvvət verərək bildirdilər ki, yanğının qəsdən Əfqan tərəfindən törədilməsinə inanmırlar.
Sədərək Ticarət Mərkəzi yanğından sonra
Zərər görmüş sahibkarlar ümidsizdir
Ticarət Mərkəzində obyekti yanan sahibkarlar bu məsələ araşdırılanadək onlara dəyən ziyanın necə ödəniləcəyini də bilmirlər. Söylədilər ki, Ticarət Mərkəzinin rəhbəri hələki mağazaların yenidən tikilərək onlara təhvil veriləcəyini vəd edib. Daha bir güzəşt isə yer haqları ilə bağlı ola bilər. Amma bu da sahibkarları qane etmir. Çünki, dəyən ziyan onminlərlə ölçülür.
Mağazası yanan Şəmsəddin Əkbərov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onun 84 kv metr sahəsi olan obyekti yanıb. Hər kvadrat metrə 20 manat icarə haqqı ödəyən sahibkar iki ay imiş ki, burada yer kirayələyibmiş. Onun sözlərinə görə, dəymiş ziyanın məbləği 100 minə yaxındır: "Buranı dörd nəfər birgə işlədirdik. Kredit götürən iş yoldaşıma zamin durmuşam. Kreditimizi necə ödəyəcəyimizi bilmirik".
"Sığorta şirkətləri bu bazarda mağazaları sığortalamaqdan imtina edib"
Ş.Əkbərov bildirib ki, mağazalarındakı mallar sığorta olunmayıb. Onun sözlərinə görə, dəfələrlə sığorta şirkətlərinə müraciət etsələr də, sığorta şirkətləri bu bazarda mağazaları sığortalamaqdan imtina edib. Ümidləri bazar rəhbərliyinin edəcəyi köməkliyədir:
"Yanğının baş verməsində bizim günahımız yoxdur. Biz mağazamızı bağlayıb, bazar nəzarətçilərinə təhvil verib getmişik. Gəldik ki, hər şey yanıb məhv olub".
Sədərək Ticarət Mərkəzi yanğından sonra
Yanğının gec söndürülməsi ilə bağlı ilginc səbəblər
O ki, qaldı bazarda yanğının səbəbləri və gec söndürülməsinə, burada həmsöhbət olduğumuz satıcılar bildirdilər ki, yanğın baş verdiyi an müdaxilə edilməyib. Çünki, yanğından mühafizə üçün çəkilmiş su borularında su olmayıb. Onların sözlərinə görə, yanğın başlayandan sonra onu söndürmək üçün içəri daxil olan mağaza sahibləri su borularını açarda su gəlməyib.
Onların iddiasına görə, həmin su boruları şaxtada donmaması üçün bazarın nəzarətçiləri tərəfindən bağlanıb. Bu isə yanğının vaxtında söndürülməsinə mane olub. Bundan əlavə, ticarət obyektində sıralara yanğınsöndürən maşınlar daxil ola bilməyib. Sıralar çox ensiz olduğundan yanğın kənardan söndürülüb.
Sahibkarlar bu faktları kənarda qoyub yanğına görə Əfqan Abdullayevin saxlanılmasını gülünc hesab edirlər.
Qeyd edək ki, yanvarın 8-i saat 18 radələrində Qaradağ rayonunda yerləşən "Sədərək" ticarət mərkəzində yanğını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir. Baş vermiş hadisə ilə bağlı zəruri istintaq hərəkətləri aparılıb. İlkin araşdırma zamanı ümumilikdə 800 kvadratmetr sahəsində yerləşən 27 mağazanın Bakı şəhər sakini Əfqan Abdullayev tərəfindən qəsdən yandırılması, nəticədə icarədar və sahibkarlara külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.