CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqət: Gürcüstandan Azərbaycana zərərverici həşərat miqrasiya edir

Vətəndaşlara diqqətli olmaq, zərərvericiləri müşahidə etdikdə bu barədə aidiyyəti dövlət qurumlarına və AQTA-nın "1003-Çağrı Mərkəzi"nə məlumat vermək, eləcə də fərdi qaydada müvafiq tədbirlər həyata keçirmək tövsiyə olunur.
Sputnik
BAKI, 11 yanvar — Sputnik. Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti qurumlarla birgə qabaqlayıcı tədbirlərini davam etdirir.
Aparılmış monitorinqlər zamanı müəyyən olunub ki, Azərbaycana qonşu Gürcüstandan miqrasiya edən qəhvəyi mərmər bağacığı ölkəmizin şimal-qərb və qərb rayonlarının bəzi kəndlərində müşahidə edilməkdədir. Gürcüstan iqtisadiyyatına (fındıq bağları və meyvə-tərəvəz təsərrüfatına) külli miqdarda ziyan vuran zərərvericiyə Rusiyanın cənub bölgələri və Türkiyə ərazisində də rast gəlinir.
Bu barədə AQTA məlumat yayıb.
Qəhvəyi mərmər bağacığı 300-dən çox bitki ilə qidalanaraq onların məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır. Zərərvericinin qışlama üçün yaşayış və köməkçi binalara daxil olmasının qarşısını almaqdan ötrü bu tikililərdə pəncərələr torla bağlanmalıdır. Yaşayış binalarında dolabların və mebellərin divara söykənmiş hissələrinə, yığılmış əşyaların və divardan asılmış şəkillərin arxasına, xalçaların altına, havalandırma sisteminə və digər mühəndis qurğularının arakəsmələrinə xüsusi diqqət yetirilməlidir. Zərərverici aşkar olunduqda, süpürgə, tozsoran və digər vasitələrlə toplanaraq məhv edilməlidir.
Zərərvericiyə qarşı mübarizə tədbirləri yaz və yay aylarında da aparılmalıdır. Əkin sahələrinin müxtəlif yerlərində, xüsusilə kənar (sərhəd) ərazilərində maksimum sayda giləmeyvə və tərəvəz bitkilərinin yarpaqlarının alt hissəsi, yarpaq tumurcuqları və meyvə saplaqlarının birləşmə yerləri diqqətlə yoxlanılmalıdır. Zərərvericinin aşkar edildiyi əkin sahələrində və təsərrüfat tikililərində toplayıcı (aqreqasiya) feromon tələlər asılmalıdır.
Kimyəvi mübarizə üçün Bifentrin tərkibli preparatlardan istifadə edilməsi səmərəli hesab olunur. Dərmanlama 5-8 gün fasilə ilə 2 dəfə həyata keçirilməlidir. Zərərvericinin növbəti nəslinin yüksək artımı müşahidə olunduğu halda, dərmanlama təkrarlana bilər. Qəhvəyi mərmər bağacığı aşkar edildikdə, təsərrüfat sahibləri və yerli əhali mübarizə tədbirlərini yalnız mütəxəssislərin tövsiyəsi ilə aparmalıdır.
Qeyd edək ki, zərərvericinin yetkin fərdləri və sürfələri nəqliyyat vasitələri, ağac materialları, təzə meyvə-tərəvəz, tinglər, kəsilmiş güllər və digər vasitələrlə yayılır. Eyni zamanda qəhvəyi mərmər zərərvericisinin yetkin fərdləri təbii yolla, yəni uçaraq 35-100 kilometrədək məsafəni qət etməklə yayıla bilir. Hazırda zərərvericinin yayıldığı arealda əhalinin maarifləndirilməsi üçün bukletlərin paylanılmasına başlanılıb.
Vətəndaşlara diqqətli olmaq, zərərvericiləri müşahidə etdikdə bu barədə aidiyyəti dövlət qurumlarına və AQTA-nın "1003-Çağrı Mərkəzi"nə məlumat vermək, eləcə də fərdi qaydada müvafiq tədbirlər həyata keçirmək tövsiyə olunur.
Morfologiyası:
Mərmər bağacığı qəhvəyi rəngdədir. Önkürəkcik, qalxan və baş hissələrində açıq rəngli və tünd rəngli ləkələrin növbələşməsi vizual mərmər şəklini yaradır ki, bağacığın adı buradan qəbul edilmişdir.
Biologiyası:
Bağacığın yetkin fərdləri daha çox insanların yaşadığı binalarda və digər tikili sığınacaqlarda qışlamağa üstünlük verirlər. Beləliklə, bir evdə bir neçə min bağacıq yığıla bilər. Yazda bağacıqlar aprel ayının axırına yaxın qışlama yerini tərk etdikdən sonra 1–2 həftə müddətində qidalandıqdan sonra dişi fərdlər bir neçə dəfə yumurtaqoyma yerinə yetirirlər. Yumurtalarını 1,3 – 1,6 mm ölçüdə yarpaqların aşağı hissəsinə ağ şaraoxşar topa şəklində (25–30 ədəd) qoyurlar. 2 həftədən sonra yumurtalardan sürfələr çıxır və 5 yaş mərhələsi keçirirlər. Sürfələrin ölçüləri I yaşda 2,4 mm-ə yaxın, II yaşda 3,7 mm-ə yaxın, III yaşda 5,5 mm-ə yaxın, IV yaşda 8,5 mm-ə yaxın, V yaşda 12 mm-ə yaxın olur.
Yetkin fərd:
Tipik qalxanlılara aid bağacıqdır. Bədənin uzunluğu 12-17 mm-dir. Bədəni azacıq qabarıq, oval formalı qalxana bənzəyir. Bədənin yuxarı hissəsi qəhvəyəçalar, aşağı hissəsi isə bəzən boz və ya qara ləkəli ağımtıl və ya solğun-qəhvəyi rəngdə olur. Qəhvəyi mərmər bağacığı rəngindən başqa digər oxşar növ bağacıqlarda (Brochymena, Euschistus) rast gəlinməyən bığcıqlarında səciyyəvi nəzərə çarpan açıq rəngli halqaların olması ilə fərqlənir. Ayaqları da eynilə bığcıqlarda olduğu kimi açıq rəngli zolaqlı halqalarla haşiyələnmiş qəhvəyi rəngdədir. Bığcıqları 5 buğumludur.
Yayılması yolları:
Əsasən əkin materialları, meyvələr və digər bitki məhsulları ilə, daha uzaq məsafələrə isə nəqliyyat vasitələri ilə yük daşımalar vasitəsilə yayılır.
Zərər vurduğu bitkilər:
Meyvə, giləmeyvə, bostan və tərəvəz bitkilərinə, üzümlüklərə, dekorativ (bəzək) bitkilərinə, lobya, soya, qarğıdalı, dənli bitkilərə, texniki və qəzzəli bitkilərə ümumiyyətlə 100-dən artıq bitki növünə zərər vura bilir.
Mübarizə tədbirləri:
Bağacığa qarşı mübarizədə əsasən kimyəvi üsuldan istifadə edilir.
Meyvə bitkilərinin dərmanlanmasını erkən yazda zərərvericilərin zəif immunitetə malik olduqları vaxtda yerinə yetirmək lazımdır. Mərmər bağacığına qarşı kimyəvi mübarizədə lyambda-siqalothrin, Bifenthrin, İmidokloprid və Tiakloprid tərkibli insektisid və insektisid-akarisidlərdən istifadə olunması müsbət nəticə verir.