BAKI, 10 yanvar — Sputnik. Hələlik limitsiz xarici kreditlərin cəlb edilməsinə ehtiyac yoxdur. Ona görə iqtisadi və sosial sahə həmişə paralel getməlidir.
Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.
Dövlətimizin başçısı deyib: "O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. Bizim isə məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir".
İnflyasiya bu gün bütün dünyada ciddi bir problemə çevrilib. Hətta inkişaf etmiş Qərb ölkələrində ki, orada adətən inflyasiya bir faizdən, yəni, bir və maksimum 1,5 faizdən yüksək olmurdu, bu gün inflyasiya 10 faizi üstələyir.
Azərbaycandakı inflyasiyanın idxal edilmiş inflyasiya adlandıran dövlətimizin başçısı deyib: "Çünki biz əlbəttə, dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın. Amma hələ təbii ki, idxaldan asılıyıq. Ona görə, əgər belə demək mümkündürsə, inflyasiya Azərbaycana idxal edilib. Keçən ilin nəticələrinə görə 13,9 faiz təşkil edib. Yəni, bu idxal edilmiş inflyasiya ilə bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur".