BAKI, 10 yanvar — Sputnik. Ermənistan Jurnalistlər Birliyi Baş nazir Nikol Paşinyanın bugünkü mətbuat konfransında iştirak etmək üçün media qurumlarının seçimində ayrı-seçkiliyə yol verildiyi barədə məlumat yayıb. Bu barədə qurumun bəyanatında deyilir.
"Ermənistan Jurnalistlər İttifaqı hökumətin və ya Baş nazir aparatının hökumət rəsmisinin iştirakı ilə keçirilən ictimai tədbirdə iştirakçıların seçilməsində demokratiyanın fundamental prinsipləri, azadlığı pozan ayrı-seçkiliyi pisləyir. Bu, ölkədə artmaqda olan anlaşılmazlıq və dözümsüzlük mühitini daha da dərinləşdirir", - bəyanatda deyilir.
Jurnalistlər Birliyi hökumət aparatını tezliklə qərara yenidən baxmağa və yanvarın 10-da keçiriləcək mətbuat konfransında istisnasız olaraq bütün media nümayəndələrinin iştirakını təmin etməyə çağırır.
Qeyd edək ki, bu gün N.Paşinyan mətbuat konfransı keçirəcək. O, dünən bildirmişdi ki, jurnalistlərin əvvəlcədən yazıb göndərdikləri suallara cavab verməyəcək.