BAKI, 10 yanvar — Sputnik. Bakıda yağan qar səbəbindən iki gündə 50 yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.
O bildirib ki, Bakı şəhərində ötən gün 35, bu gün indiki saata qədər isə 15 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Qəzaların hamısı maddi ziyanla yekunlaşıb. Heç bir hadisədə ölüm və xəsarət halı qeydə alınmayıb", - İdarənin baş inspektoru vurğulayıb.
Xatırladaq ki, ötən gün Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət etmişdi. Müraciətdə bildirilirdi ki, yola çıxan sürücülər son dərəcə ehtiyatlı olmalı və yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər. Səfərə başlamadan öncə avtomobilin texniki sazlığını, şüşəsilənləri, təkərlərin vəziyyətini, işıq sistemini təhlükəsizlik üçün bir daha yoxlamalıdırlar. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri ara məsafəsinə riayət etməyə, lüzumsuz manevrlər etməkdən çəkinməyə çağırır.