SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Delimitasiya məsələsi Azərbaycandan çox Ermənistanı maraqlandırmalıdır - İlham Əliyev

İlham Əliyev hesab edir ki, ermənilər onun mesajlarını eşidəcək və düzgün nəticə çıxaracaqlar.
Sputnik
BAKI, 10 yanvar - Sputnik. "Erməni tərəfi danışıqlar prosesini pozur və bunun səbəbləri mənə məlumdur. Ermənistanın qüvvəsinin olub-olmaması və bu qüvvəyə diasporun təsir göstərib-göstərməməsi məsələsinə gəldikdə düşünürəm ki, belə təsir var və kiminsə buna mane olmasına istinad etmək məsuliyyəti öz üzərindən atmaq üçün çox münasib yoldur".
Bu fikirləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Ermənistanla danışıqların davam etdirilməsi perspektivi ilə bağlı sualı cavablandırarkən söyləyib.
Dövlət başçısı deyib: “Əgər hakimiyyət məsuldursa, o, öz hərəkətlərinə görə cavab verməlidir. Hər ölkənin, hər bir liderin öz çətinlikləri var, lakin bununla spekulyasiya etmək olmaz. Bu, necə deyərlər, evin daxili işidir, hər kəs yalnız sülh məsələsinin gündəlikdə olmasını artikulyasiya etməklə kifayətlənməyib bu işi görməli – ictimaiyyəti inandırmalı, həqiqətən sülhə can atmaq üzərində işləməlidir”.
Müharibədən sonrakı iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini görməyib
Azərbaycan prezidentinin dediyinə görə, müharibədən sonrakı iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini görməyib:
"Əgər ritorikanı, bu şikayət intonasiyasını kənara qoysaq, praktiki olaraq xarici dövlətlərin başçıları ilə hər bir görüşdə sadəcə xəbərçilik edir. Mən buna başqa ad tapa bilmirəm. Bu, sadəcə cılız qeybət, xəbərçilikdir".
Dövlət başçısı əlavə edib ki, bu kontekstdə Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır:
"Xüsusən ona görə ki, mən əvvəlcədən demişəm, biz bu beş prinsipi irəli sürəndə də demişdim ki, bu, hansısa çoxcildlik olmamalıdır. Bu, çox sadə bir kağız, əsas prinsipləri əks etdirən sadə sənəd olmalıdır. Əlbəttə, orada bizim daxili problemlərimiz və Qarabağ ilə bağlı bütün məsələlər barədə söhbət də ola bilməz. Fikrimcə, Ermənistan rəhbərliyinin məsələni uzatmasının bir səbəbi məhz budur. Ona görə ki, onlar qərar qəbul etməli və mahiyyət etibarilə Praqada qeydə alınmış, sonra oktyabrda Soçidə təsdiq edilmiş məsələləri təsbit etməlidirlər”.
Ermənistan hər vasitə ilə Qarabağ mövzusunu mümkün sülh müqaviləsinə daxil etməyə çalışır
Prezidentin sözlərinə görə, Ermənistan hər vasitə ilə Qarabağ mövzusunu mümkün sülh müqaviləsinə daxil etməyə çalışır:
"Ərazi bütövlüyünə və suverenliyə, Alma-Ata Bəyannaməsinə istinad edilməsi açıq-aydın onu göstərir ki, ermənilər Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyırlar. Mən həmin görüşdən dərhal sonra bu barədə bəyan etdim ki, bu, bizim uğurumuzdur, çünki Ermənistan, nəhayət, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini rəsmən tanıyıb".
“Onlar hər vasitə ilə Qarabağ mövzusunu mümkün sülh müqaviləsinə daxil etməyə çalışır və əslində onu bloklayırlar. Onların Moskvada hansısa hadisələr baş verməsinə istinad edərək nazirlərin orada görüşünə etinasızlıq göstərmələri, ümumiyyətlə, yolverilməz hərəkətdir. Bəs onlar oktyabrın 6-da Praqada keçirilən görüşə nə üçün etinasızlıq göstərmədilər? Axı bundan bir aydan az əvvəl də sərhəddə hadisələr baş verirdi. Orada kifayət qədər ciddi hadisələr olmuşdu”, - deyə dövlət başçısı vurğulayıb.
Prezident deyib ki, nədənsə erməni tərəfi Praqaya Makronla görüşə getdi, amma Moskvaya getmədi. Sonra Rusiya Xarici İşlər Nazirliyinin erməni tərəfinin hətta xalis protokol xarakterli davranışı barədə şərhləri də məhz buna dəlalət edir. Yəni, incidilmiş tərəf kimi mövqe tutmaq həm rahat, həm də münasibdir, lakin bu mövqe həm insan üçün, həm də ölkə üçün çox zərərlidir. Necə deyərlər, yazığı gəlmək siyasi xadimlərin arsenalında heç də ən yaxşı vasitə deyil, xüsusən, indi qəbul edilmiş təbirlə desək, bütün bunlar feyk olduğu halda.
Ermənistan yəqin ki, hansısa geosiyasi dəyişikliklər, kiminsə vəd etdiyi nələrisə gözləyir
Prezidentin fikrincə, Ermənistan yəqin ki, hansısa geosiyasi dəyişikliklər, kiminsə vəd etdiyi nələrisə gözləyir.
"Mənim fikrimcə, bu il çox məsələlərə aydınlıq gətirəcək. Yeri gəlmişkən, mən ürəkdən inanırdım ki, ilin sonuna qədər biz saziş imzalanmasına nail olacağıq. Lakin belə olmadı. Ermənistan nə gözləyir? Yəqin ki, hansısa geosiyasi dəyişikliklər, ola bilsin ki, kiminsə ona vəd etdiyi nələrisə gözləyir. Çünki belə təəssürat yaranır ki, ona kimsə nə isə vəd edib. Ona görə ki, regionda vəziyyətin obyektiv təhlili, qüvvələr balansı və iki il bundan əvvəl baş vermiş hadisələrə, eləcə də keçən ilin sentyabr ayında baş vermiş və ya hazırda Laçın-Xankəndi yolunda baş verən hadisələrə dünyanın reaksiyası onu göstərir ki, suda batanların xilas edilməsi onların öz işidir. Biz kömək edə bilərik”, - o, deyib.
Prezident vurğulayıb ki, Ermənistanın azərbaycanofobiya və isteriya bataqlığında tamam boğulmamasına yalnız biz kömək edə bilərik. “Nə ilə? Onunla ki, biz deyirik “hə”, biz deyirik, gəlin sülh bağlayaq. Özü də, inanın ki, bunu demək mənə çox çətindir, həm Prezident kimi, həm də adi insan kimi. Mən işğaldan azad edilmiş ərazilərə gedəndə sizin və hər bir azərbaycanlının keçirdiyi hissləri keçirirəm”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Delimitasiya məsələsi Azərbaycandan çox Ermənistanı maraqlandırmalıdır
Əliyev qeyd edib ki, delimitasiya məsələsi Azərbaycandan çox Ermənistanı maraqlandırmalıdır:
"Keçirdiyimiz iztirablara, ağrılara, bizə əziz olan hər şeyin dağıdılmasına baxmayaraq, biz sülh barədə danışırıq. Bu, həm siyasi baxımdan, həm də insaniyyət baxımından asan deyil. Lakin bunun Azərbaycanın uzunmüddətli maraqlarına uyğun olduğunu başa düşdüyümüz üçün biz bunu təklif edirik".
"Lakin bu, masa üzərində bir müddət olacaq. Sonra, necə deyərlər, xüsusi fəallıq göstərməyəcəyik. İstəmirlər – heç lazım da deyil. Delimitasiyanı istəmirlər – heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək. Lakin mən artıq belə terminlərdən istifadə etməyə məcburam. Sərhəd delimitasiya edilməyib, bəs kim deyir ki, sərhəd buradan deyil, oradan keçir. Mən hesab edirəm ki, buradan keçir. Mənim bunu demək üçün əsaslarım var – tarixi, kartoqrafik əsaslar. Buna görə bu məsələ bizdən çox onları maraqlandırmalıdır", - deyə Prezident vurğulayıb.
Düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar
"Biz uzun müddət belə yaşaya bilərik, sülh müqaviləsi olmasa, heç lazım da deyil. Amma sonra nə olacaq? Sonrasına baxarıq. Buna görə də düşünürəm ki, onlar mənim mesajlarımı eşidəcək və düzgün nəticə çıxaracaqlar", - deyə Prezident İlham Əliyev bildirib.
"Bir daha deyirəm, mən indiki halda təzyiq göstərən tərəf kimi görünmək istəmirəm və heç bir halda, heç bir şəraitdə hətta hörmətə layiq olmayana da hər hansı hörmətsizlik göstərməmişəm. Sadəcə, bir daha nəzərə çatdırmalıyam. Ona görə ki, mənim fikrimcə, bu il sonuncu şans olacaq. Ona görə ki, sonra 2024-cü il gəlir, sonra 2025-ci ildə Rusiyanın sülhməramlı missiyası başa çatır. Onlar burunlarının ucundan bir qədər irəli barədə düşünməlidirlər", - deyə dövlət başçısı Ermənistan tərəfinə xəbərdarlıq edib.
Azərbaycan Ordusu müharibə zamanı öz gücünü göstərdi
O bildirib ki, bizim Ordumuz müharibə zamanı öz gücünü, iradəsini, xalqımız bütövlükdə əyilməz ruhunu göstərdi:
"Hərbçilərimiz böyük fədakarlıq göstərmişlər, sözün əsl mənasında ölümə gedirdilər və 3 minə yaxın övladımız şəhid oldu. Ordumuz kifayət qədər güclü idi. Ordumuzun gücləndirilməsi heç kimə sirr deyildi".
Dövlət başçısı həmçinin deyib: “Yadımdadır, biz ordu xərclərinə böyük vəsaitin ayrılmasına başlayanda məni hətta beynəlxalq qurumlarda ittiham edirdilər ki, axı Azərbaycan bu məsələni sülh yolu ilə həll etməlidir, bu məsələnin hərbi həlli yoxdur. Nə üçün bu qədər vəsait ayrılır? Hətta ölkə daxilində bəziləri tənqidlə yanaşırdılar ki, nə üçün orduya bu qədər vəsait ayrılır. Bizim keçirdiyimiz paradlara pis gözlə baxanlar da olmuşdur. Biz, sadəcə olaraq, öz imkanlarımızı göstərirdik ki, bu işğalla barışmayacağıq. İstəyirdik ki, müharibəyə ehtiyac qalmasın”.
Prezident qeyd edib ki, verdiyimiz siqnallar ünvana çatmadığı üçün biz məcbur olub öz gücümüzü göstərdik, müharibədə Ordumuzun gücünü göstərdik.
“44 gün ərzində bir gün də belə biz geri addım atmamışıq, bir nəfər də qaçan olmamışdı, bir nəfər də fərari olmamışdı. Bu, dünya hərb tarixində bəlkə də misilsiz bir göstəricidir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycan elə bir silahlı qüvvə yaradıb ki, bununla hesablaşmamaq özünəqəsd sayılmalıdır
"Azərbaycan artıq elə bir silahlı qüvvə yaradıb və yaradacaq ki, bununla hesablaşmamaq özünəqəsd sayılmalıdır", - Əliyev Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi istiqamətində görülən və görüləcək tədbirlərdən danışarkən deyib.
Prezident bildirilib: "Bizim komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam etdirilir. Yeni komando qüvvələri yaradılacaq. Onların sayı daha da artacaq. Xüsusi Təyinatlı Qüvvələrimizin də sayını ən azı iki dəfə artırmışıq və artıracağıq. O cümlədən bütün təchizat ən yüksək səviyyədə təmin edilir".
Dövlət başçısı qeyd edib ki, Sərhəd Xidmətinin xüsusi təyinatlılarının sayı artırılıb, Daxili Qoşunların, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri, qrupları yaradılıb.
“Dəniz piyadalarının sayını bir neçə dəfə artırmışıq. Naxçıvan Əlahiddə Ordunun xüsusi təyinatlılarının sayını artırmışıq. Yəni, onun sayını mən indi deyə bilmərəm, çünki hesab edirəm ki, bu, düzgün olmaz. Bununla paralel olaraq, onların sayı hələ artır. Biz hələ qarşıya qoyduğumuz hədəfə çatmamışıq. Biz artıq elə bir qüvvə yaratmışıq və yaradacağıq ki, yəni, bununla hesablaşmamaq özünəqəsd kimi sayılmalıdır”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Biz Ermənistanla məsələni həll etmişik, amma təhdidlər aradan qalxmayıb
"Biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik", - Prezident deyib.
Dövlət başçısı vurğulayıb ki, bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə olmalıdır, həm də ki, özünə əminlik:
"Biz heç vaxt avantüraya getməmişik və getməyəcəyik. Əgər bu təxribatlara qarşı biz, necə deyərlər, çox sarsıdıcı şapalaq vurmuşuqsa, deməli bu, sadəcə olaraq, təbliğat deyil, özümüzdə güc hiss edirik. Hər kəs bunu bilməlidir ki, bizimlə heç kim zarafat etməsin. Biz bunu müharibədən dərhal sonra başlamışıq. Çünki bilirdik ki, dünyanın gələcəyini bu, müəyyən edəcək”.
Prezident qeyd edib ki, Rusiya-Ukrayna müharibəsindən sonra hər kəs bunu edir. Ordu quruculuğuna ümumiyyətlə fikir verməyən Avropanın ən böyük ölkələri indi ordularını yaradırlar. “İndi vahid Avropa ordusu haqqında danışmağa başlayıblar. İndi hərbi təyinatlı məhsulları buraxmağa başlayıblar, yaxud da ki, genişləndirirlər. Biz buna nə vaxtdan başlamışıq? Artıq 15 ildir. Onu da bildirməliyəm ki, biz əsas Türkiyə və İsrail şirkətləri ilə, digər ölkələrin şirkətləri ilə yeni kontraktlar bağlamışıq, eyni zamanda, yerli istehsalı genişləndirmək üçün bir neçə aparıcı şirkətlə indi danışıqların son mərhələsindəyik”, - deyə Prezident İlham Əliyev bildirib.