CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səhiyyə Nazirliyi respirator xəstəliklərlə bağlı əhaliyə xəbərdarlıq edib

Xəstəliyin ağır gedişli hallarında və fəsadlaşmalar baş verdikdə, gecikmədən həkimə müraciət edilməsi zəruridir.
Sputnik
BAKI, 9 yanvar — Sputnik. "Ev şəraitində respirator virus infeksiyalarından özünüzü və yaxınlarınızı qorumaq üçün bu virusa yoluxmuş şəxsi ailə üzvlərinin olduğu məkandan vaxtında təcrid etmək vacibdir".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.
Onun sözlərinə görə, həmçinin otaqların tez-tez havalandırılması və xəstə ilə, xüsusən uşaqların, hamilə qadınların, yaşlı və ağır xroniki xəstəlikləri olanların təmaslarının tamamilə istisna edilməsi, xəstənin toxunduğu səthlərin mütəmadi antiseptiklərlə zərərsizləşdirilməsi tövsiyə olunur: "Eyni zamanda, xəstəliyin ağır gedişli hallarında və fəsadlaşmalar baş verdikdə, gecikmədən həkimə müraciət edilməsi zəruridir. Qrip istisna olmaqla, bu tip kəskin respirator virus infeksiyalarının əksəriyyəti yüngül keçir, fəsadlaşmır, tezliklə hərarət normallaşır, baş və əzələ ağrıları, ümumi zəiflik kimi intoksikasiya əlamətləri səngiyir, iştah yaxşılaşır, boğaz ağrıları və öskürək keçib gedir və xəstəlik qısa vaxt ərzində sağalma ilə nəticələnir. Lakin xəstəliyin, xüsusən də qeyd olunan risk qruplarında ağır keçməsi, fəsadlaşması, arzuolunmaz nəticələrə səbəb olması mümkündür".