HADİSƏ

Qarlı hava şəraiti qərb bölgəsində avtomobil yollarında çətinliklər yaradıb

Yanvarın 8-dən başlayaraq yağan qar gecə saatlarında daha da intensivləşib. Həmçinin temperatur aşağı düşərək avtomobil yollarında buzlanma olub
Sputnik
BAKI, 9 yanvar — Sputnik. Ölkə üzrə müşahidə olunan qarlı və əlverişsiz hava şəraiti Azərbaycanın Qərb bölgəsinin dağlıq rayonlarında, əsasən də ucqar kəndlərə gedən avtomobil yollarında qismən çətinliklər yaradıb və bir neçə avtomobil qəzası baş verib.
Yanvarın 8-dən başlayaraq yağan qar gecə saatlarında daha da intensivləşib. Həmçinin temperatur aşağı düşərək avtomobil yollarında buzlanma olub.
Gədəbəy, Daşkəsən, Göygöl, Şəmkir və Tovuz rayonlarının ucqar kəndlərində avtomobil yollarının buz bağlaması və qarlı olması səbəbindən nəqliyyat vasitələrinin hərəkətində qismən çətinlik yaranıb.
Bakı-Qazax magistral yolunun bölgədən keçən hissəsində isə əsasən, gecə və səhər saatlarında avtomobillərin hərəkətində çətinliklər olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Report"un Qərb bürosunun sorğusuna cavab olaraq bildirib ki, hava şəraiti səbəbindən bir neçə yol-nəqliyyat hadisəsi baş verib.
Onun sözlərinə görə, yol qəzaları səbəbindən ciddi xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə zərər dəyib.
DİN rəsmisi yolların buzlu və qarlı olmasını nəzərə alaraq sürücülərdən və həmçinin piyadalardan yol-hərəkət qaydalarına ciddi əməl edilməsini xahiş edib:
"Avtomobillərin şinləri qış mövsümünə uyğun olmadığı halda yola çıxılmaması tövsiyə edilir. Ara məsafələrin qorunması, ötmə əməllərinə, sürət həddinə diqqət edilməsi vacibdir. Hələ ki, bölgədə 3 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr zamanı xəsarət alan isə yoxdur. Hava şəraiti səbəbindən yollarda yaranmış fəsadları nəzərə alaraq mümkün qədər nəqliyyat vasitələrindən az istifadə edilməsi tövsiyə olunur".
E.Qasımov həmçinin bildirib ki, istər magistral yolda, istərsə də şəhər və rayon yollarında Dövlət Yol Polisi əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və hər hansısa avtomobil qəzasının baş verməməsi üçün mümkün olan tədbirlər görülür.
Qeyd edək ki, hazırda Qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunur. Aidiyyəti qurumlar tərəfindən yollara qum səpilir və nəqliyyat vasitələrinin hərəkətinin tam bərpası üçün işlər davam etdirilir.