PAYTAXT XƏBƏRLƏRİ

Bakıda 17 binanın istilik təminatında yaranmış fasilə aradan qaldırılıb

Səhər saat 6-dan 11:30-dək "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin çağrı mərkəzinə 60-dan çox müraciət daxil olub.
Sputnik
BAKI, 9 yanvar — Sputnik. Bakının Nizami rayonunda 17 binanın istilik təminatında yaranmış fasilə aradan qaldırılıb.
Bunu "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.
"Problem təxminən 1 saat ərzində aradan qaldırılıb. Həmin binalardakı bütün mənzillərə istilik verilib", - deyə o qeyd edib.
***
Səhər saat 6-dan 11:30-dək "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin çağrı mərkəzinə 60-dan çox müraciət daxil olub. Nizami rayonundan müraciətlər üstünlük təşkil edib. İstilik xəttində baş verən axıntı nəticəsində 17 binanın istiliklə təminatında fasilə yaranıb.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında qurumun mətbuat katibi Elvin Basqallı deyib. Onun sözlərinə görə, əməkdaşlar artıq həmin əraziyə gediblər və yaxın vaxtlarda orada istiliyin verilməsi bərpa olunacaq: "Digər ərazilərdən də orta hesabla müəyyən müraciətlər daxil olur. Əməkdaşlarımız bayram günlərində olduğu kimi gücləndirilmiş iş rejimində çalışırlar".
"Qrafikə uğun olaraq qazanxanalarda istiliyin həcmi artırılıb. Ümumilikdə istiliyin verilməsi ilə bağlı ciddi problem yoxdur. Hazırda balansımızda olan 564 qazanxananın hamısı fəaliyyət göstərir", - deyə o əlavə edib.
Məktəb və ucqar rayonlarda vəziyyət necədir?
Qurum rəsmisi bildirib ki, rayonlar və məktəblərlə bağlı da hələlik ki, heç bir problem yoxdur.
Qeyd edək ki, istilik təchizatı ilə bağlı abonentlərin müraciətini asanlaşdırmaq və problemlərin operativ həllini təmin etmək məqsədilə “Azəristiliktəchizat” ASC-də "Çağrı mərkəzi" fəaliyyət göstərir.
Hər hansı problemlə qarşılaşsaz, "Çağrı mərkəzi" ilə əlaqə saxlayın
Birbaşa olaraq 956 nömrəsini yığmaqla istilik təchizatı ilə bağlı bütün şikayətinizi ünvanlandıra bilərsiniz. "Çağrı mərkəzi" bütün sutka ərzində fəaliyyət göstərir və bu xidmətdən Bakı şəhəri ilə bərabər respublikanın regionları da istifadə edə bilərlər.
Qeyd edək ki, hazırda Bakıda və respublikanın digər ərazilərində qar yağır.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində müşahidə olunan yağıntılı, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yanvar ayının 9-dan 12-dək avtomobil yollarının buz bağlayacağı gözlənilir.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, Bakı və Abşeron yarımadasının, Bakı-Quba, Bakı-Şamaxı-Yevlax, Yevlax-Zaqatala, Quba-Qusar, Quba-Xaçmaz, Qusar-Xudat, Muğanlı-İsmayıllı, Qaraməryəm-İsmayıllı-Şəki, Ağsu-Kürdəmir-Bəhramtəpə, Göyçay-Bərgüşad, Qorağan-Qax-Zaqatala, Xaldan-Mingəçevir, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Daşkəsən, Gəncə-Samux, Şəmkir-Gədəbəy, Yevlax-Xocalı-Laçın, Bərdə-İstisu, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Ağdam-Hindarx-Ağcabədi, Ağdam-Ağdərə, Qubadlı-Xanlıq, Füzuli-Cəbrayıl-Mahmudlu, Bəhramtəpə-Biləsuvar, Hacıqabul-Şirvan, Masallı-Yardımlı, Lənkəran-Lerik avtomobil yollarının buz bağlayacağı ehtimal olunur.
Bəzi avtomobil magistral yollarında dumanlı hava şəraiti ilə əlaqədar olaraq görünüş məsafəsinin 100-600 metrədək məhdudlaşacağı gözlənilir.
G.Məmmədova qeyd edib ki, hava şəraiti ilə bağlı sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur.