CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərişıq": "Son 24 saatda uzunmüddətli və böyükmiqyaslı qəza baş verməyib"

Abonentlərdən xahiş olunur ki, baş verən hansısa qəza və kəsinti halları ilə əlaqədar 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlayıb məlumat versinlər
Sputnik
BAKI, 9 yanvar — Sputnik. Son 24 saatda Azərbaycanın elektrik enerjisi təchizatı sistemində uzunmüddətli və böyükmiqyaslı qəza baş verməyib.
Bu barədə "Azərişıq" ASC-dən bildirilib.
Məlumata görə, son sutka ərzində baş vermiş qəzalar lokal xarakter daşıyıb. Səhmdar cəmiyyəti bildirib ki, qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar "Azərişıq" gücləndirilmiş iş rejimində çalışır. Baş verə biləcək qəzaların aradan qaldırılması üçün əlavə texnika və mal-material ayrılıb. Mövcud hava şəraiti ilə əlaqədar ölkə ərazisində bir neçə yerdə lokal xarakterli qəzalar baş verib və tez bir zamanda əməkdaşlarımız həmin qəzaları aradan qaldırıb. Hazırda ölkə ərazisində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təmin edilib. Abonentlərdən xahiş olunur ki, baş verən hansısa qəza və kəsinti halları ilə əlaqədar 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlayıb məlumat versinlər.
Qurumdan həmçinin Xırdalan şəhəri ərazisində minik avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində avtomobilin transformatora çırpıldığı və qəzanın nəticəsinin tez bir zamanda aradan qaldırıldığı bildirilib.
Qeyd edək ki, qarlı hava şəraiti ilə bağlı Lerikin 45 yaşayış məntəqəsi işıqsız qalıb.
Ötən axşamdan başlayaraq Lerikə yağan güclü qar əsasən rayonun elektrik təsərrüfatına ziyan vurub. 2500 abonenti əhatə edən 45 yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi dayanıb.
Lerik Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Vüqar Mirzəyev APA-ya bildirib ki, hazırda həmin kəndlərdə elektrik enerjisinin verilişinin bərpası üçün işlər aparılır.