İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankı məcburi ehtiyat normalarını yeniləyib

Qiymətləndirmələrə görə, məcburi ehtiyatlarla bağlı qeyd olunan dəyişikliklər bank sektoru üzrə manatla və xarici valyutada öhdəliklərin maya dəyərinə orta hesabla müvafiq olaraq cəmisi 0,16% və 0,01% artırıcı təsir göstərir
Sputnik
BAKI, 9 yanvar — Sputnik. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 28 dekabr 2022-ci il tarixli qərarı ilə məcburi ehtiyat normaları yenilənib.
Qurumun verdiyi xəbərə görə, normalar aşağıdakı kimi müəyyənləşdirilib:
- milli valyutada cəlb edilmiş fiziki şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (bundan sonra – fərdi sahibkarlar) depozitləri üzrə 5%;
- xarici valyutada cəlb edilmiş fiziki şəxslərin və fərdi sahibkarların depozitləri üzrə 6%;
- milli valyutada hüquqi şəxslərin depozitləri üzrə:
- milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği 1 milyard manata qədər olan hissəsi üzrə 5%;
- milli valyutada hüquqi şəxslərin depozitlərinin 1 milyard manatı üstələyən hissəsi üzrə 10%;
- xarici valyutada hüquqi şəxslərin depozitləri üzrə:
- xarici valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği 750 milyon manat ekvivalentinə qədər olan hissəsi üzrə 6%;
- xarici valyutada hüquqi şəxslərin depozitlərinin 750 milyon manat ekvivalentini üstələyən hissəsi üzrə 12%;
- qiymətli metallarda cəlb edilmiş depozitlər üzrə 5%.
Qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə məcburi ehtiyat normaları dəyişməz olaraq sıfır səviyyəsində saxlanılıb.
Qiymətləndirmələrə görə, məcburi ehtiyatlarla bağlı qeyd olunan dəyişikliklər bank sektoru üzrə manatla və xarici valyutada öhdəliklərin maya dəyərinə orta hesabla müvafiq olaraq cəmisi 0,16% və 0,01% artırıcı təsir göstərir.
Qərara alınıb ki, bu aydan bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun hesablamalı və növbəti saxlama dövründən (yəni 2023-cü ilin 15 fevral tarixindən) başlayaraq məcburi ehtiyatları yeni normalara uyğun saxlamalıdırlar.
"Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası"nda dəyişikliklər və yeni məcburi ehtiyat normaları barədə banklar müvafiq qaydada məlumatlandırılıb.