BAKI, 8 yanvar - Sputnik. Növbəti iki ildə Avropanın enerji sahəsində vəziyyət çətin olaraq qalacaq və bu müddət ərzində Rusiya qazından imtina birmənalı şəkildə mümkün deyil. TASS xəbər verir ki, bunu Macarıstanın energetika naziri Çaba Lantos bazar günü Kossuth milli radiostansiyasına müsahibəsindədeyib.
Avropa İttifaqında (Aİ) 30 milyard kubmetr həcmində mümkün qaz çatışmazlığı ilə bağlı sualın cavabında siyasətçi əmin edib ki, Birlik dövlətləri artıq tədbirlər görür: dənizə çıxışı olan Aİ ölkələrində mayeləşdirilmiş təbii qazın qəbulu üçün 25 böyük terminal tikilir.
Onun sözlərinə görə, zaman keçdikcə o, “Şimal axını” kəməri ilə gələn, indi isə “Türk axını” ilə keçən Rusiya qazını əvəz edəcək.
Siyasətçi onu da vurğulayıb ki, yalnız terminalların tikintisi başa çatan anda Rusiyanın enerji resursundan müstəqillikdən danışmaq mümkün olacaq.
“Artıq terminalların tikintisinə başlanılıb, lakin 2023-2024-cü illər Avropa üçün çətin olacaq”, - deyə o qeyd edib.
Lantos əlavə edib ki, ölkənin qaz anbarlarında yanacaq ehtiyatlarının səviyyəsi hazırda kifayət qədər yüksəkdir, çünki ölkə qazı Bolqarıstan və Serbiya vasitəsilə “Türk axını” və onun qollarından alır.
Onun sözlərinə görə, buna görə də Avropa İttifaqında qaza ən az pul macarlar ödəyir. Buna baxmayaraq, siyasətçi ölkənin enerji müstəqilliyini möhkəmləndirmək və bu məqsədlə öz enerji mənbələrindən, o cümlədən alternativ və nüvə enerjisindən istifadə etməkdə qəti niyyətində olduğunu bildirib.
Bir qədər əvvəl Almaniyanın Federal Şəbəkə Agentliyinin rəhbəri Klaus Müller bildirib ki, hazırda qaz bazarı qiymət platosuna çatıb, lakin enerji daşıyıcısının qiymətinin sürətlə artması riskləri hələ də qalmaqdadır.
Eyni zamanda, onun sözlərinə görə, hələ də üç ciddi risk faktoru var ki, onlardan biri də bütün qaz infrastrukturunun təhlükəsizliyidir.