MƏDƏNİYYƏT

Xalq artisti: "Sənət naminə belə bir qanunun qüvvəyə minməsi məni sevindirər"

Qırğızıstanda bu ildən müğənnilərə ictimai tədbirlərdə fonoqram oxumaq qadağan olunub. Əmrə əsasən, müğənnilərə mədəniyyət obyektlərində fonoqramla mahnı oxumaq qadağan edilib.
Sputnik
BAKI, 7 yanvar — Sputnik. Qırğızıstanda 2023-cü ildən müğənnilərə ictimai tədbirlərdə fonoqramla oxumaq qadağan olunub. Bununla bağlı ölkənin mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov əmr imzalayıb. Əmrə əsasən, müğənnilərə teatr, muzey, kinoteatr, klub, kitabxana və idman müəssisələrinin ərazilərində fonoqram mahnı oxumaq qadağan edilib.
Məlumata görə, qayda pozuntusuna görə məsuliyyəti tədbiri təşkil edən məkanın rəhbərliyi daşıyacaq. Eyni qadağa Azərbaycanda da tətbiq oluna bilərmi?
Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Aqil Abbas fonoqramı dəstəkləmədiyini, canlı ifalara üstünlük verdiyini deyib:

"Düşünürəm ki, müğənni mahnını canlı ifa etməlidir. Xüsusilə də səhnədə, konsert zallarında fonoqramla oxumaq düzgün deyil. Ancaq nəzərə almaq lazımdır ki, müğənninin, xanəndənin səsi həmişə yerində olmur. Bu baxımdan fonoqramla oxumağı qadağan etmək nə qədər doğrudur - bunu bilmirəm. Müğənni və xanəndələrin gündə 3-4 dəfə efirə çıxdığını nəzərə almaq lazımdır. 4-5 efirə çıxıb canlı musiqi ifa etməyə müğənninin və xanədənin səsi yetməz".

Aqil Abbas
Xalq artisti Nazpəri Dostəliyeva bu qanunun Azərbaycanda da tətbiq olunmasını arzulayıb:

"Televiziyada səsin qüsursuz olması üçün, texniki problemlərin olmamamsı üçün fonoqramdan istifadə etmək məcburiyyətindəyik. Amma kütləvi tədbirlərdə, konsertlərdə, toylarda yaxşı olar ki, müğənnilərimiz canlı ifa etsinlər. Mən çox istəyərdim ki, ölkəmizdə də bu qanun qüvvəyə minsin. O zaman sənətçinin nəyə qadir olacağı məlum olacaq. Sənətinin peşəkarı olanlar üçün bu, əngəl deyil. Amma gedib hansısa studiyada səs yazdıran müğənnilər üçün çətin olar. Çünki onlar gedib saatlarla musiqiçilərlə məşq etmirlər. Bir dəfə səslərini studiyada yazdırırlar, bütün günü toylarda, efirlərdə onu oxuyurlar. Sənət naminə belə bir qanunun qüvvəyə minməsi məni sevindirər".

Xalq artisti Nazpəri Dostəliyeva
Sevilən xanəndə, Xalq artisti Mənsum İbrahimov isə fonoqramın qadağan olunmasını istədiyini söyləyib.
Onun sözlərinə görə, mədəniyyət saraylarında və konsert zallarında müğənni mahnını canlı ifa etməlidir:

"Bəzən təbiətdə, kütləvi tədbirlərdə, çəkilişlərdə texniki məsələlərə görə fonoqram oxunur. Polad Bülbüloğlunun zamanında Heydər Əliyev Sarayında da fonoqramla oxumaq qadağan edilmişdi. Çünki fonoqram canlı ifanın yerini vermir. Məsələn, mən deyə bilərəm ki, muğam müsabiqələrinə hazırladığımız uşaqlar, gənclər əsl sənət göstərirlər. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən Muğam müsabiqlərində iştirak edən gənclərin 90 faizi məhz canlı musiqi ifa edirlər".

Mənsum İbrahimov
Bəs görəsən, ölkənin ən məşhur konsert salonlarında vəziyyət necədir? Orada sənətçilərimiz nəyə üstünlük verirlər?
Ötən il fəaliyyətə başlamasının 50 illiyini qeyd edən, ölkənin əsas konsert salonu olan Heydər Əliyev Sarayının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin salonda fonoqram oxumağa icazə verilmir.
Beynəlxalq Muğam Mərkəzindən bildirilib ki, Mərkəzin səhnəsində 15 illik fəaliyyəti dövründə konsertlər zamanı heç zaman fonorqramdan istifadə edilməyib. Çox nadir hallarda xaricdən gələn muğənnilər "minus" musiqilərdən (vokal canlı olmaq şərti ilə) istifadə edə bilərlər ki, bu da musiqi alətlərinin və ansambl heyətinin olmadığı vaxtlarda baş verə bilər:

"BMM-də təşkil edilən muğam, milli və klassik musiqiyə həsr olunmuş tədbir və konsertlərdə fonoqramla ifa hallarına yol verilmir və rast gəlinmir. Solistlərimiz və qonaq sənətçilər hər zaman canlı ifa ilə səhnəyə çıxırlar".

Müasir beynəlxalq tədbirlərin keçirildiyi Bakı Konqres mərkəzi və Bakıda Avroviziya 2012 yarışmasının keçirilməsi üçün nəzərdə tutulan Bakı Kristal Zalından isə bildirilib ki, bununla bağlı müğənnilərə heç bir qadağa qoyulmur. Bunun, sənətçilərin öz seçimlərindən aslı olduğunu vurğulayıblar.