SƏHİYYƏ

Uşaqlar arasında yayılan hansı virusdur? Əhali narahatdır

Pediatr bildiirib ki, səbəb ya virusun daha aqressivləşməsi, yaxudda əhalinin immuniteti zəifləməsi ola bilər.
Sputnik
BAKI, 6 yanvar — Sputnik. Artıq bir həftədir ki, əhali, xüsusilə uşaqlar arasında kəskin qripəbənzər xəstəlik müşahidə olunur. Xəstəlik yüksək hərarət, boğaz ağrısı, öskürəklə müşahidə olunur. Xəstəliyin daha bir təhlükəli tərəfi uzun sürməsi, müalicəyə gec tabe olmasıdır.
Uşaqlar arasında hansı xəstəlik yayılıb?
Valideyn Gülnar Səfərova bir həftədir ki, ailəlikcə xəstə olduqlarını deyir. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ailədə öncə 5-c sinifdə oxuyan oğlu xəstələnib. Daha sonra virus ailə üzvüləri arasında yayılıb. O, xəstəliyin müddətinin uzun çəkdiyini, ağır keçdiyini, hərarət aşağı düşdükdən sonra da öskürəyin kəsmədiyini deyir. Onun sözlərinə görə, xəstəliyin əlamətləri qripdən çox koronavirusa bənzəyir.
İndi əhalini narahat edən suallardan biri də yayılmış virusun hansı ştamma aid olmasıdır.
İmmun sistemi möhkəmləndirilməlidir, əks halda...
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev deyib ki, uşaqlarda immun sistem böyüklərlə müqayisədə nisbətən zəifdir. Bunun səbəbi immun sistemin tam formalaşmamasıdır. İlk 6-7 il immun sisteminin aktiv inkişaf etdiyi dövrdür. Bu yaşa qədər olan uşaqlar tez-tez xəstələnirlər, xüsusən də payız-qış mövsümündə".
O, bu kimi halların qarşısını almaq üçün valideynlərə bəzi tövsiyələr və məsləhətlər verib: "Ana südünün uşaqlarda immun sisteminin yaradılmasında və gücləndirilməsində birbaşa əlaqəsi var. Bu səbəbdən ilk 6 ay ancaq ana südü ilə qidalanma çox önəmlidir. Valideynlər uşaqların gündəlik qida rasionunda bütün qida maddələrin olmasına diqqət yetirməlidirlər. Xüsusən istər xəstəlik dövrü, istərsə də sağlam zamanda yetəri qədər maye qəbul edilməsi şərtdir. Qidalanma qədər yuxu da uşaqlar üçün çox önəmlidir. Hər bir uşaq gün ərzində 8-11 saat yatmalıdır.
Bundan əlavə, əllərin düzgün və təmiz yuyulmasına diqqət yetirmək vacibdir. Mövsümə uyğun geyimlərdən istifadə olunmalıdı. Qeyd edim ki, anemiya, B, Fe, Zn və D vitamlərinin əskikliyi də müqaviməti azaldır və tez-tez xəstələnməyə səbəb olur. Xəstəliklərin çoxu hava-damcı yolu ilə yoluxur. Buna görə də insanların çox olduğu qapalı, havasız məkanlardan uzaq olmaq lazımdır. Otaqların havası tez-tez dəyişdirilməlidir".
Pəhrizə də fikir vermək lazımdır
Mütəxəssis eyni zamanda uşaqlar arasında müşahidə olunan ürəkbulanma və qusmanın səbəblərini də açıqlayıb: "Mədə-bağırsaq xəstəlikləri, sidik yolları infeksiyaları, nevroloji xəstəliklər və zəhərlənmələr 60-70 faiz hallarda mədə-bağırsaq sistemi ilə əlaqədar olur. Qusma 24-48 saat ərzində əsasən keçib getməlidir. Keçmirsə, mütləq həkimə müraciət etmək lazımdır, çünki bu hal uşaqlarda su itkisinə səbəb olur. Digər ən önəmli məqamlardan biri də uşağın pəhrizinə fikir verməkdir. Ətli, yağlı, qızarmış yeməklərdən istifadə etmək olmaz. Asan həzm olunan qidalardan (meyvə, ayran, qatıq, buxarda bişirilən tərəvəzlər, çörək və s.) istifadə olunması tövsiyə olunur. Bu zaman az-az və tez-tez yemək daha yaxşıdır".
Xəstəlik dərmanlara tabe olmur
Tanınmış pediatr Vaqif Qarayev isə bildirib ki, viruslar hər yerə yayılıb. Onun sözlərinə görə, uşaqlarda qızdırma üç gündən artıq davam edərsə, mütləq müayinə olunmalıdırlar. Özbaşına antibiotik qəbulu vəziyyəti ağırlaşdıra bilər. Pediatr qeyd edib ki, xəstəlik yüksək qızdırma, boğaz ağrısı, öskürək, qusma, ishalla müşahidə olunur. O, bildirib ki, ən çox narahatlıq yaradan isə, qızdırmanın aqressivliyi və dərmana tabe olmamasıdır: "Dərmanların keyfiyyəti ilə bağlı iradlarla da razılaşmaq olar. Amma dərman qəbulundan sonra qızdırmanın normaya düşməsinə çalışmayın. Bu, heç lazım da deyil".
Təkrar yoluxmalar var
Həkim onu da bildirib ki, valideyn müraciətlərinə görə uşaqlar sağalandan sonra təkrar yoluxur: "Üç yaşına qədər uşaqlarda qusma və ishal varsa, ilk gündən mütləq həkim nəzarətində olmalıdırlar. Xalq təbabətindən istifadə qadağan deyil. Hamını nənə-babalarımız belə böyüdüb. Amma təhlükəli məqamlar olduqda, həkimsiz keçinmək olmaz. Ənənəvi təhlükə yenə də qalır. Xəstə uşaqların kollektivə getməsi yolverilməzdir. Kollektivə gedən uşaq sağalandan sonra təkrar başqa virusla yoluxur".
Virus aqressivləşib, yoxsa immunitetimiz zəifləyib
V. Qarayev bildirib ki, hazırda yoluxmaya səbəb tənəffüs sistemini zədələyən respirator viruslardır: "Hazırda mövsümü viruslar tüğyan edir. Hazırda virus təkcə uşaqlar arasında yox, böyüklər arasında da yayılıb. Belə görünür ki, ilbəil qrip virusu daha da ağırlaşır. İndi yayılmış virus da aqressivdir. Digər səbəb isə, insanların immun sisteminin zəifləməsi ola bilər. Orqanizm zəiflədikdə adi qrip virusu ilə mübarizə çətin olur. İnsan sağaldıqdan sonra təkrar yoluxa bilir".
Pediatr bildirib ki, hazırda 1-3 yaş arası uşaqlarda ağırlaşmalar daha çox olur. Bu pnevmoniyaya qədər gətirib çıxardır.