BAKI, 6 yanvar — Sputnik. Epilepsiya beyindəki neyronlarda yaranan ani və nəzarətsiz problemdir. Bu xəstəlik beyinin bütün və ya bir neçə hissəsinə yayılır. Epilepsiya tutmalar şəklində özünü göstərir. Həyatında yalnız bir dəfə belə tutma müşahidə edilən şəxs epilepsiya xəstəsi hesab edilmir. Bunu həkim-nevroloqu Sevinc Abışova deyib.
Həkimin sözlərinə görə, beyin şişləri, spirtli içkilərdən istifadə, eyni zamanda insult, beyin qanaması kimi serebrovaskulyar xəstəliklər, zədələr və infeksiyalar epilepsiyaya səbəb olan faktorlardır. Epileptik tutmalar zamanı ilkin tibbi yardım barədə məlumat verən S.Abışova qeyd edib ki, ilkin tibbi yardım düzgün edilmədikdə epileptik tutmalar ağır travma ilə nəticələnə bilər:
"Bu kimi hallarda panikaya qapılmamaq və xəstəni yalnız qoymamaq, epileptik tutmanın bitməsini gözləmək lazımdır. Epileptik tutmalar 1-5 dəqiqə arası çəkə bilər. Bu zaman müddətində xəstənin hərəkətlərini dayandırmamaq, başının altına yumşaq əşya qoymaq, rahat bir yerə uzatmaq, ətrafında olan sərt və təhlükəli əşyaları xəstənin yanından uzaqlaşdırmaq lazımdır".
Həkimin sözlərinə görə, epileptik tutma zamanı tüpürcək boğaza düşüb, tənəffüs yollarını bağlayaraq nəfəsalmanı poza, eyni zamanda xəstə qusarsa, boğula bilər:
"Bunun qarşısını almaq üçün xəstəni yan tərəfə çevirmək məsləhətlidir. Bu kimi hallarda xəstənin yaxası açılmalı və ona rahat nəfəs ala biləcəyi mühit yaradılmalıdır. Epileptik tutma zamanı xəstənin ağzına qaşıq salmaq da doğru deyil. Bu, dişləri və dili zədələyə bilər", - deyə nevroloq bildirib.