Portuqaliyalı Kriştianu Ronaldu Səudiyyə Ərəbistanına gəlib, lakin o, iki həftə sonra yeni klubu olan "Əl-Nəsr"də debüt edə biləcək.
Dünya futbol ulduzu bir müddət əvvəl müqavilə bağladığı yeni klubunun yerləşdiyi yerə gəlib, Səudiyyə Ərəbistanı ictimaiyyəti və yerli uşaqlarla görüş keçirib.
Lakin Ronaldu "Əl-Nəsr"də debütünü yalnız yanvarın 21-də "Əl-İttifaq"la matçda edə biləcək. Məsələ burasındadır ki, 37 yaşlı hücumçu aprel ayında "Everton" – "Mançester Yunayted" oyunundan sonra Ronaldunun oğlanın əlindəki telefonu yerə çırpdığı zaman yaranan insidentə görə İngiltərə Futbol Assosiasiyasının qərarı ilə verilən iki oyunluq cəzanı çəkməlidir.
Portuqaliyalı cəzasını şəkməyib, çünki bununla bağlı qərar "Mançester Yunayted"lə müqavilənin ləğvindən bir gün sonra verilib. Ronaldu 2022-ci ilin noyabrından komandasız idi. Qətərdə keçirilən dünya çempionatı ərəfəsində jurnalist Pirsu Morqanla müsahibəsində o, açıq şəkildə "Mançester Yunayted"in məşqçilər korpusunu, rəhbərliyini və siyasətini tənqid edib.
Ronaldu "Əl-Nəsr"lə 2025-ci ilin yayına qədər müqavilə imzalayıb - müqavilənin müddəti bitəndə portuqaliyalının 40 yaşı tamam olacaq. Onun Səudiyyə klubunda zəmanətli maaşı ildə 90 milyon dollar olacaq. Reklam və kommersiya müqavilələri ilə birgə bu məbləğ 200 milyon dollara çata bilər.