CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DYP havanın dəyişməsi ilə bağlı sürücülərə müraciət edib

Qurumdan bildirilib ki, təkərlərin qış mövsümünə uyğunluğu diqqətdə saxlanılmalı, şüşə silgəclərinin, xüsusilə əyləc sistemlərinin sazlığına nəzarət edilməli, ara məsafəsi gözlənilməli, sürət həddi aşılmamalıdır.
Sputnik
BAKI, 6 yanvar — Sputnik. Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar sürücülərə müraciət edib.
İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, yanvarın 8-dən Bakıda və Abşeron yarmadasında hava şəraitin kəskin dəyişəcəyini nəzərə alaraq sürücülər nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməlidirlər.
"Təkərlərin qış mövsümünə uyğunluğu diqqətdə saxlanılmalı, şüşə silgəclərinin, xüsusilə əyləc sistemlərinin sazlığına nəzarət edilməli, ara məsafəsi gözlənilməli, sürət həddi aşılmamalıdır. Bir daha sürüclərimizdən hava şəraitinə uyğun olaraq nəqliyyat vasitəsinin tam sazlığını diqqətdə saxlamağı xahiş edirik", – A.Əsgərli əlavə edib.
Qeyd edək ki, bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra yanvarın 8-dən başlayaraq ölkədə hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.
Paytaxtda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi 7-si axşamdan 8-i gündüzədək yarımadanın bəzi yerlərində arabir güclənəcək.
Havanın temperaturu: ötən günlərlə müqayisədə 10-12° aşağı enərək, 10-11-də gecə 2°-dək şaxta, gündüz 0°-yə yaxın olacaq.
(Report)