CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəki Psixiatriya Xəstəxanasında işçi sayının az olduğu müəyyən edilib

Başçəkmə zamanı xəstəxananın palatalarına, emalatxanaya, mətbəxə, yeməkxanalara, görüş otağına, ərzaq anbarına, sanitar qovşaqlara, gəzinti və idman meydançalarına baxış keçirilib
Sputnik
BAKI, 5 yanvar — Sputnik. Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Şəki Rayon Psixiatriya Xəstəxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilən zaman orada işçi sayının az olduğu müəyyən edilib.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyası"nın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd saxlanılan şəxslərlə rəftar, saxlanma şəraiti, tibbi yardımın təşkili vəziyyəti, saxlanmanın qanuniliyini təsdiq edən sənədlərin və əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyətinin araşdırılması olub.
Başçəkmə zamanı xəstəxananın palatalarına, emalatxanaya, mətbəxə, yeməkxanalara, görüş otağına, ərzaq anbarına, sanitar qovşaqlara, gəzinti və idman meydançalarına baxış keçirilib. Nəticədə müəssisədə tibbi və yardımçı personalın sayının azlığı, sənədləşməyə aid çatışmazlıqlar müəyyən edilib.
Yekunda aşkar olunmuş və yerində aradan qaldırılması mümkün olan məsələlərlə bağlı müəssisə rəhbərliyinə tövsiyələr verilib, habelə psixiatriya müəssisələrində pasiyentlərin hüquqlarının qorunması və gələcəkdə onlara qarşı hər hansı pis rəftar hallarının baş verməsinin qarşısının alınması məqsədilə müəssisə rəhbərliyi və əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb.