DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstanın Baş prokuroru yanvar iğtişaşlarının təfərrüatlarını açıqladı

Milli Məclisin iclasında çıxış edən Asılov deyib ki, idarə olunan xaos şəraitində ölkənin ali rəhbərliyinin devrilməsi əməliyyatının diqqətlə planlaşdırıldığını, əslində bunun bir çevriliş cəhdi olduğunu iddia etmək olar.
Sputnik
BAKI, 5 yanvar — Sputnik. Qazaxıstanda 2022-ci ilin yanvarında dövlət çevrilişinə cəhdin iştirakçılarının hazırlanması 2021-ci ildə həyata keçirilib. Bunu Qazaxıstanın Baş prokuroru Berik Asılov bildirib.
Milli Məclisin iclasında çıxış edən Asılov deyib ki, idarə olunan xaos şəraitində ölkənin ali rəhbərliyinin devrilməsi əməliyyatının diqqətlə planlaşdırıldığını, əslində bunun bir çevriliş cəhdi olduğunu iddia etmək olar.
"Konkret təfərrüatlarını səsləndirməyə hüququm yoxdur. Sadəcə onu deyə bilərəm ki, 2021-ci il ərzində cinayətkarlar gizli şəkildə radikal fəaliyyətlər icra etməyə hazırlaşırdılar. Hadisəni törədənlər arasında mütəşəkkil cinayətkar qruplar da var idi. Onlar adamları toplayır, silahlandırır, ratsiya və nəqliyyat vasitələri alırdılar", - baş prokuror bildirib.
Onun sözlərinə görə, istintaq müəyyən edib ki, bu təxribat işlərinin başında müəyyən təhlükəsizlik qüvvələri olub.
O, dövlətə xəyanətdə və dövlət çevrilişinə cəhddə təqsirləndirilən sabiq Milli Təhlükəsizlik Komitəsinin (DTK) rəhbərlərinə qarşı cinayət işinin "tam məxfi" maddəsi ilə araşdırıldığını da qeyd edib.
"Materiallar dövlət sirri olduğu üçün məxfiləşdirilib. Cinayət işində xarici siyasət, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı məlumatlar var. Onların açıqlanması milli təhlükəsizlik maraqlarına xələl gətirə bilər", - o vurğulayıb.
Asılov xatırladıb ki, hazırda cinayət işi məhkəmədədir.
Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb - ölkənin qərbində yerləşən Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar. Daha sonra etirazlar digər şəhərlərə, o cümlədən köhnə paytaxt və respublikanın ən böyük şəhəri Almatıya yayılıb: orada qarətlər törədilib, silahlılar dövlət qurumlarına hücum ediblər. Buna cavab olaraq hakimiyyət yanvarın 19-dək ölkə ərazisində fövqəladə vəziyyət elan edib və antiterror əməliyyatı keçirib. Ölkə Baş Prokurorluğunun son məlumatlarına görə, iğtişaşlar nəticəsində 19-u təhlükəsizlik xidmətinin əməkdaşı olmaqla 238 nəfər həlak olub.