BAKI, 5 yanvar — Sputnik. Ötən gecə Azərbaycan səmasında Ayın ətrafında müşahidə olunan nəhəng dairə - halo təbiət hadisəsi olub.
Bunu "Report"a açıqlamasında Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işçisi Səbahəddin Alışov deyib.
O bildirib ki, bu təbiət hadisəsi əsasən, yanvar və fevral aylarında baş verir: "Təbiət hadisəsi atmosferin yuxarı qatı, troposferdə olan buz kristallarında Günəş şüalarının əks etdirilməsi nəticəsində yaranan təsvirdir".
S.Alışov əlavə edib ki, yanvarın 4-də başqa astronomik hadisə, Yer-Günəş qarşıdurması da baş verib. Belə ki, Bakı vaxtı ilə saat 20:17 radələrində Yer Günəşə 147 milyon 98 min 290 kilometr məsafədə yaxın olub.
Qeyd edək ki, ötən gün gecə saatlarında Azərbaycan səmasında Ayın ətrafında nəhəng dairə müşahidə olunub və insanlar tərəfindən maraqla qarşılanıb.
Halo nədir?
Halo göyün üzünü lələkvari və ya lələkli-laylı buludlarla örtülü olan gündüz Günəşin yaxınlığında və gecə ayın ətrafında müşahidə edilən işıqlı dairələr və ya dairə qövsüdür. Günəşə baxan dairənin daxili kənarı qırmızı rəngə boyanır. Xarici tərəfə rəng sarıya, yaşıla, maviyə keçir. Həm də dairə tutqun olur və göyün qalan ağımtıl rəngli hissələri gözə çarpmadan qovuşur.