BAKI, 5 yanvar — Sputnik. 2022-ci ildə Azərbaycan iqtisadiyyatının üzləşdiyi bütün çağırış və çətinliklərə baxmayaraq, ölkənin iqtisadi göstəriciləri kifayət qədər müsbət olub - 11 ayda ÜDM real ifadədə 4,8% artıb, strateji valyuta ehtiyatları isə 12,3% artaraq 59,8 mlrd ABŞ dollarına çatıb.
Eyni zamanda, 2022-ci ilin 11 ayının yekunları üzrə xarici ticarət balansında 23,5 milyard dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Bütün bunlar onu deməyə əsas verir ki, dünya iqtisadiyyatı üçün kifayət qədər çətin olan 2022-ci ildə Azərbaycan iqtisadiyyatı qibtə ediləcək sabitlik və artım nümayiş etdiribsə, növbəti, 2023-cü il də ölkə üçün uğurlu olacaq.
ÜDM artımı davam edəcək
Azərbaycan hökumətinin proqnozlarına görə, 2023-cü ildə ölkədə ÜDM-in artımı 2,7% olacaq. Eyni zamanda, dövlət büdcəsinin gəlirlərinin 30,7 milyard manat, xərclərinin isə 33,3 milyard manat təşkil edəcəyi gözlənilir. Beləliklə, hökumət dövlət büdcəsinin 2,6 milyard manat kəsiri olacağını proqnozlaşdırır.
İnfoqrafika: Azərbaycanın 2023-cü il dövlət büdcəsinin proqnozlaşdırılan xərc və gəlirləri – "Sputnik" Azərbaycan
Eyni zamanda nəzərə almaq lazımdır ki, 2023-cü ilin dövlət büdcəsində neftin qiyməti 1 barel üçün 50 dollar müəyyən edilib. Büdcə kəsiri ilə bağlı proqnozlar isə məhz bu xammalın maya dəyəri əsasında hazırlanır.
Bununla belə, ekspertlər 2023-cü ildə neftin qiymətinin, təxminən, 80 dollar/barel səviyyəsində qalacağını gözləyir və neft bazarı üçün neqativ halların əmtəə qiymətlərinin daha da artmasına səbəb ola biləcəyini istisna etmirlər. Belə olan halda, şübhəsiz ki, Azərbaycanın gəlirləri də xeyli artacaq və ola bilsin ki, dövlət büdcəsinin kəsiri xeyli aşağı düşəcək.
Ümumilikdə 2023-cü ildə dövlət büdcəsinin yüksək gəlirləri hesabına aşağıdakı sahələrdə: mənzil-kommunal təsərrüfatında - 30,2%, kənd təsərrüfatında - 20,5%, əhalinin sosial müdafiəsində - 18,3%, təhsil - 13,3% , səhiyyədə - 11,5%, müdafiə və milli təhlükəsizlikdə - 4,6% xərclərin artacağı proqnozlaşdırılır.
Karbohidrogen və "yaşıl" layihələrin inkişafı
Azərbaycanın qeyri-neft ixracını artırmaq niyyətində olmasına baxmayaraq, karbohidrogen xammalının tədarükünün artırılması istiqamətində də işlər aparılır. Belə ki, 2023-cü ildə Rumıniya Azərbaycan qazını alacaq. Sonradan mavi yanacağın bir sıra digər Avropa ölkələrinə ixracı gözlənilir. Eyni zamanda, Azərbaycanın elektrik enerjisinin Bolqarıstan və Serbiyaya tədarükü başlayacaq.
Bundan əlavə, 2023-cü ildə Qara dənizin dibi ilə Azərbaycanın "yaşıl" elektrik enerjisinin Rumıniyaya ötürülməsinə imkan verəcək sualtı kabel xəttinin çəkilməsi layihəsinin həyata keçirilməsi üzrə işlər aparılacaq.
2023-cü ildə qaz tədarükünü artırmaq və 11,6 milyard kubmetr qaz ixrac etmək məqsədinə nail olmaq üçün Azərbaycan yeni qaz-kondensat yataqlarında hasilatı artırmağı planlaşdırır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ildə Xəzər dənizindəki "Abşeron" yatağında qaz hasilatına başlanmasının nəzərdə tutulduğunu bildirib.
Azərbaycan, karbohidrogen layihələri ilə yanaşı, eyni zamanda, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı potensialını da inkişaf etdirmək niyyətindədir. Belə ki, bu ilin ortalarında Abşeron və Xızı rayonlarında ən böyük "yaşıl" layihənin - külək elektrik stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, bu il Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti quraşdırılmış gücü 240 MVt olan və ildə 1 milyard kVt/saat elektrik enerjisi istehsal etməklə 220 milyon kubmetrədək qaza qənaət edəcək külək elektrik stansiyası layihəsini həyata keçirməyi planlaşdırır.
2023-cü ilin payızına kimi isə "Masdar" şirkətinin (BƏƏ) layihəsi üzrə Abşeron yarımadasında quraşdırılmış gücü 230 MVt olan günəş elektrik stansiyasının da işə salınması gözlənilir.
Manatın məzənnəsi və inflyasiyanın azalması
Azərbaycan hökumətinin proqnozuna görə, 2023-cü ildə manatın ABŞ dollarına nisbətdə məzənnəsi sabit qalacaq.
Eyni zamanda, hökumət inflyasiyanın 2022-ci ilin noyabrında olan 15,1%-dən 2023-cü ildə 6,9%-ə düşəcəyini gözləyir.
"Fitch" reytinq agentliyinin məlumatına görə, 2023-cü ildə Azərbaycanda inflyasiya real effektiv məzənnənin bahalaşması və təchizat zəncirindəki fasilələrin yumşaldılması fonunda 9,7%-ə enəcək.
2023-cü ildə Azərbaycan əhalisinin sosial müdafiəsi üzrə göstəricilərin də yaxşılaşması gözlənilir. Belə ki, ilin sonunadək orta aylıq pensiyanın məbləği ilin əvvəli ilə müqayisədə 52,6 manat və ya 14,2% artaraq 422 manat təşkil edəcək. Ölkə üzrə orta aylıq əməkhaqqının isə 2022-ci ildəki 800 manata qarşı 898 manata çatdırılması nəzərdə tutulur.