NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

“Brent” markalı neftin bir bareli 110 ABŞ dollarına çata bilər

Çində neftə tələbatın bu ilin ikinci yarısında pandemiyadan əvvəlki səviyyəni keçərək rekord həddə çatacağı gözlənilir.
Sputnik
BAKI, 4 yanvar -Sputnik. Bu ilin ikinci yarısında “Brent” markalı neftin bir bareli hazırki qiymətlərlə müqayisədə 30 %-dən çox bahalaşaraq 110 ABŞ dollarına çata bilər.
Bunu İsveçrənin İnvestisiya Bankı “UBS” proqnozlaşdırır.
Bankın analitikləri hesab edirlər ki, ötən ildən fərqli olaraq (ən çox kömür bahalaşdı) bu il ən çox dəyəri artan enerji daşıyıcısı məhz neft olacaq. Çində neftə tələbatın bu ilin ikinci yarısında pandemiyadan əvvəlki səviyyəni keçərək rekord həddə çatacağı gözlənilir.
Analitiklərə görə, bu il Avropa İttifaqının neft və neft məhsullarına embarqosu ilə əlaqədar olaraq Rusiyada bu xammalın hasilatı aşağı düşəcək. Bununla yanaşı “OPEC+” daxil olmayan ölkələrdə hasilatın təxminən sutkalıq 1,3 milyon barel artacağı gözlənilir ki, bu da artan tələbi qarşılamağa imkan verməyəcək. Nəticədə “OPEC+” balansı saxlamaq üçün bazara daha çox neft buraxacaq (Report).
Xatırladaq ki, ötən il martın 7-də neft qiymətləri 2008-ci ildən bu yana ilk dəfə bir barel üçün 138 ABŞ dolları həddinə çatdı. Sonrakı bir neçə ayda qiymətlər bir barel üçün 100 ABŞ dolları həddində qaldı. Lakin yayın ortalarından başlayaraq Qərb ölkələrində ressesiya təhlükəsi və “COVİD-19”la bağlı məhdudiyyətlərdən dolayı Çində tələbatın azalması fonunda qiymətlər aşağı düşməyə başladı.
NEFT-QAZ
Neft bazarının qara günləri geri qayıdır